Вернуться назад Распечатать

FT: İran ABŞ və İsrail zərbələrinə baxmayaraq raket imkanlarını qoruyub

1xeber.media xəbər verir ki, İran ABŞ və İsrailin çoxsaylı zərbələrinə baxmayaraq raket qüvvələrinin döyüş qabiliyyətini qoruyub saxlayıb və regiondakı Amerika obyektlərinə zərbələr endirmək imkanını davam etdirir.

Financial Times qəzetinin məlumatına görə, beş ay davam edən qarşıdurma İranın raket potensialının məhv edilməsinə gətirib çıxarmayıb. Bildirilir ki, İran qüvvələri İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hədəflərə zərbələr endirməyə davam edib.

Analitiklər hesab edirlər ki, bunun səbəblərindən biri Tehranın taktikasını dəyişməsi, daha müasir və dəqiq, son mərhələdə manevr edə bilən raketlərdən istifadə etməsidir. Həmçinin İranın Rusiyadan kəşfiyyat məlumatları əldə edə biləcəyi ehtimal olunur.

Ekspertlərin fikrincə, ABŞ qarşısında əsas çətinlik İran təhlükəsini azaltmaq üçün zərbələrin miqyasını artırmaq zərurətidir. Bu isə daha çox raket əleyhinə müdafiə vasitələri tələb edə və İsrailin yenidən aktiv hərbi əməliyyatlara qayıtmasına səbəb ola bilər.

Mütəxəssislər qeyd edirlər ki, İran qüvvələri itkiləri qısa müddətdə bərpa etmək və taktikasını dəyişmək qabiliyyəti nümayiş etdirir ki, bu da ABŞ-ın hava hücumundan müdafiə sistemləri üçün əlavə çətinlik yaradır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Vaşinqtonla Tehran arasında razılaşma əldə olunması ehtimalının yüksək olduğunu bildirmişdi. Onun sözlərinə görə, İranla bağlı danışıqlar artıq davam edir.