Вернуться назад Распечатать

Ekspert: İran özü Azərbaycanı cavab addımları atmağa məcbur edir

İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziyası olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi iki ölkə arasında media müstəvisində yeni gərginlik yaradıb. Bunun ardınca Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq bu addımı jurnalistlərin peşə fəaliyyətinə və söz azadlığına zidd qiymətləndirib. Agentlik, eyni zamanda, qarşılıqlılıq prinsipinə əsasən İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb. 

Media eksperti, Əməkdar jurnalist Azər Həsrət  1xeber.media-ya açıqlamasında deyib ki, İranın bu addımı təəccüb doğurmur:
“İndiyədək dəfələrlə şahidi olmuşuq ki, İran, o cümlədən Azərbaycan Dövlət Televiziyasına və ümumilikdə ölkəmizin media qurumlarına qarşı düşmən münasibəti sərgiləyib. Sadəcə, hazırda özü ciddi problemlərlə üz-üzə qaldığı bir vaxtda belə bir addım atmasının məntiqini anlamaq çətindir. Hazırda İran ABŞ-nin təzyiqləri və hücumları fonunda mövqeyini qorumağa çalışır. Əgər ölkə rəhbərliyi daha praqmatik dövlət təfəkkürü nümayiş etdirsəydi, özünə əlavə problemlər yaratmazdı. Belə bir şəraitdə qonşu Azərbaycanın Dövlət Televiziyasını "düşmən media" siyahısına salmaq, əslində, dövlət idarəçiliyində uzaqgörənliyin çatışmadığını göstərir. Digər tərəfdən, Azərbaycanın da İranın "Səhər" və "Mehr" kimi media qurumlarını zərərli və arzuolunmaz media subyektləri kimi qiymətləndirdi”.
O bildirib ki, bu istiqamətdə çağırışlar indi səslənsə də, bunun daha əvvəl edilməsi zəruri idi:
“Xüsusilə "Səhər-Azəri" televiziya kanalı ilə bağlı bu məsələni dəfələrlə gündəmə gətirmişik. Həmin kanal faktiki olaraq İranın Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı yaratdığı təbliğat vasitəsidir. Üstəlik, bu fəaliyyət təkcə təbliğatla məhdudlaşmır. Həmin televiziya uzun illərdir Azərbaycanı və Azərbaycan xalqını hədəfə alan, onları aşağılayan materiallar yayımlayır. Buna baxmayaraq, onun nümayəndələrinin ölkəmizdə rahat şəkildə fəaliyyət göstərməsi, informasiya toplaması ciddi suallar doğururdu. Hazırda onların Azərbaycanda müxbir məntəqələrinin fəaliyyət göstərib-göstərmədiyini dəqiq bilmirəm. Ancaq illər əvvəl onların müxtəlif bölgələrdə sərbəst şəkildə fəaliyyət göstərdiyini şəxsən müşahidə etmişik. Bu isə onu göstərir ki, artıq Azərbaycan bu məsələdə daha sərt mövqe nümayiş etdirməlidir”.

O qeyd edib ki, İranın son addımından sonra Azərbaycanın atacağı analoji tədbirlər tam əsaslı olacaq:
“Çünki Tehran bu qərarı ilə faktiki olaraq Bakını qarşılıqlı addımlar atmağa məcbur edir. Belə olan halda, Azərbaycan da adekvat cavab verməli və öz milli informasiya təhlükəsizliyini qorumaq üçün zəruri qərarlar qəbul etməlidir”. 

Aysel Elnur