İranın Kəşfiyyat Nazirliyinin Azərbaycanın dövlət televiziyası olan AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi iki ölkə arasında media müstəvisində yeni gərginlik yaradıb. Bunun ardınca Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayaraq bu addımı jurnalistlərin peşə fəaliyyətinə və söz azadlığına zidd qiymətləndirib. Agentlik, eyni zamanda, qarşılıqlılıq prinsipinə əsasən İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin qanunsuz hesab edildiyini açıqlayıb.
Bu barədə ürkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz 1xeber.media-ya açıqlamasında deyib ki, İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi adi media mübahisəsi deyil:
“Bu, informasiya təhlükəsizliyi, daxili rejim qorxuları və Azərbaycanla regional rəqabətin kəsişdiyi siyasi qərardır. Lakin indiki məlumatlarla Tehranın məqsədinin Azərbaycanla münasibətləri tamamilə pozmaq olduğunu qəti söyləmək olmaz. Azərbaycan tərəfi qərarın İran Kəşfiyyat Nazirliyi tərəfindən verildiyini açıqlayıb, lakin Tehran AzTV ilə bağlı qərarın konkret hüquqi və faktiki əsaslarını ictimai şəkildə izah etməyib. Bu qərar yalnız Azərbaycana qarşı atılmış ayrıca addım deyil. İran Kəşfiyyat Nazirliyi iyul ayında onlarla xarici media qurumunu, jurnalisti, fəalı və sosial media hesabını “düşmən” və ya “hostil” informasiya şəbəkəsi kimi təsnif edən geniş siyahı yayıb. Bu qurumlarla informasiya, foto və video paylaşan İran vətəndaşlarına cinayət məsuliyyəti tətbiq edilə biləcəyi bildirilir. AzTV məsələsi İranın daha geniş informasiya blokadası və daxili nəzarət siyasətinin bir hissəsidir. Tehran hazırda xaricdən yayımlanan məlumatı yalnız jurnalistika kimi deyil, mümkün “psixoloji əməliyyat”, “hibrid müharibə” və “rejimə nüfuzetmə” vasitəsi kimi qiymətləndirir. İranın rəsmi və yarırəsmi mənbələri də son aylarda xarici medianı “koqnitiv və hibrid müharibənin” iştirakçısı kimi təqdim edir”.
O qeyd edib ki, AzTV dövlət televiziyası olduğu üçün Tehran onun yayımlarını adi redaksiya mövqeyi deyil, müəyyən dərəcədə Azərbaycan dövlətinin siyasi mövqeyinin ifadəsi kimi qəbul edir:
“AzTV rəhbərliyi hesab edir ki, qərarın səbəblərindən biri kanalın 44 günlük müharibə zamanı və sonrakı dövrdə İran mediasında Azərbaycan əleyhinə yayılan məlumatlara faktlarla cavab verməsi ola bilər. İran tərəfi isə belə materialları öz informasiya siyasətinə meydan oxuma kimi qiymətləndirə bilər. Burada əsas problem təkcə xəbərin məzmunu deyil. İran hakimiyyəti üçün AzTV-nin İran daxilində, xüsusilə azərbaycanlı əhalinin yaşadığı bölgələrdə izlənilməsi daha həssas məsələdir. İranın ən ciddi həssaslıqlarından biri ölkədə yaşayan milyonlarla etnik azərbaycanlının Azərbaycan Respublikasındakı proseslərdən təsirlənməsidir. İran Azərbaycanla İsrail arasındakı hərbi, təhlükəsizlik və enerji əməkdaşlığına uzun müddətdir şübhə ilə yanaşır. Bölgədə İran–İsrail qarşıdurması gücləndikcə Tehran Azərbaycan mediasının İran barədə tənqidi yayımlarını da İsrailin regional informasiya xətti ilə əlaqələndirməyə meyilli olur. Azərbaycan mediasında İranın zəifliklərinin, daxili etirazların və hərbi uğursuzluqların göstərilməsi düşmən informasiya əməliyyatına xidmət edə bilər. Bu, AzTV-nin İsrail tərəfindən idarə edildiyi mənasına gəlmir. Lakin Tehran siyasi baxımdan Azərbaycan–İsrail əməkdaşlığı ilə Azərbaycan mediasının İran haqqında mövqeyini eyni təhlükəsizlik çərçivəsində qiymətləndirə bilər. İranın “Səhər” telekanalı və “Mehr” agentliyi uzun müddətdir Azərbaycan auditoriyasına təsir göstərməyə çalışır. Azərbaycan tərəfi həmin qurumları ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparmaqda ittiham edib və qarşılıqlılıq prinsipinə əsasən onların Azərbaycandakı fəaliyyətini qanunsuz sayıb. Bu mövqe MEDİA-nın rəsmi bəyanatında açıq şəkildə göstərilir. Beləliklə, hər iki tərəf medianı artıq yalnız məlumat vasitəsi deyil, regional siyasi təsir aləti kimi görür”.
Aysel