Elm və Təhsil Nazirliyi “McKınsey and Company (Azerbaıjan), INC” (VÖEN – 1701840751) şirkəti ilə 4 milyon 12 min manat dəyərində satınalma müqaviləsi imzalayıb.
1xeber.media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müsabiqənin şərtinə görə “McKınsey and Company (Azerbaıjan), INC” şirkəti Azərbaycanın təhsil sistemi üçün süni intellekt əsaslı transformasiya strategiyası xidmətləri göstərəcək.
Məlumat üçün bildirək ki, “McKınsey and Company (Azerbaıjan), INC” 1926-cı ildə ABŞ-də Ceyms Oskar Makkinzi tərəfindən qurulan məsləhət şirkətinin Azərbaycanda yerli fililalı kimi fəaliyyət göstərir. Dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən “McKinsey” şirkətinin 45 mindən çox işçisinin olduğu bildirilir.
Hazırda şirkətin Azərbaycandakı fililalına Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı rəhbərlik edir.
Şirkət bu günə kimi dövlət qurumlarına çoxsaylı xidmətlər göstərib və qarşılığnda milyonlara manat alıb. 2026-cı ilin fevral ayında Mərkəzi Bank ilə 1 milyon 20 min manat, 2025-ci ilin oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyi ilə 8 milyon manat, 2025-ci ilin sentyabr ayında İqtisadiyyat Nazirliyi ilə 9,6 milyon manat, 2024-cü ilin dekabr ayında yenə İqtisadiyyat Nazirliyi ilə 3,6 milyon manat, 2024-cü ilin oktyabr ayında Kənd Təsərrüfatı Nazirliyi ilə 10 milyon manat, 2024-cü ilin iyul ayında Dövlət Su Ehtiyatları Agentliyi ilə 5 milyon 15 min manat, 2019-cu ilin sentyabr ayında Vergi Xidməti ilə 2,7 milyon manatlıq müqavilələr imzalayıb.