Вернуться назад Распечатать

Sabirabad rayonunda “Azərbaycan memarlığında yenilik – Tarixi irs rəqəmsal platformaya köçürülür” mövzusunda maarifləndirici tədbir keçirilmişdir

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyində “Azərbaycan memarlığında yenilik – Tarixi irs rəqəmsal platformaya köçürülür” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
1xeber.media xəbər verir ki,tədbirdə RİHB-nin birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, Sabirabad rayon Tarix Diyarşunaslıq Muzeyinin direktoru Ayşən Astanova, YAP fəalları, idarə, müəssisə və təşkilatların əmək kollektivi iştirak etmişlər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan RİHB-nin birinci müavini Həsən Həsənov, milli-mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən innovativ layihələrin əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə həyata keçirilən tədbirlər tarixi-mədəni irsin daha dərindən öyrənilməsinə, rəqəmsal texnologiyalar və süni intellektin imkanlarından istifadə etməklə gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Daha sonra Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Səlmi Mehdiyeva çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə tarixi-mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində mühüm işlər görülmüşdür. O vurğulamışdır ki, bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Mədəni irsin qorunması, bərpası, konservasiyası və səmərəli idarə olunması istiqamətində qəbul edilən dövlət proqramları, fərman və sərəncamlar bunun bariz nümunəsidir.
Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova çıxışında memarlıq irsinin təkcə keçmişin yadigarı deyil, həm də gələcəyin şəhərsalma konsepsiyalarının formalaşmasında mühüm rol oynadığını qeyd etmişdir. O bildirmişdir ki, milli memarlıq irsinin qorunması müasir memarlıq yanaşmaları ilə uzlaşdırılmalı, xüsusilə tələbə və gənc mütəxəssislər bu istiqamətdə innovativ və məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizin zəngin memarlıq irsinin tədqiqi, qorunması, bərpası və konservasiyası sahəsində görülən işlərdən bəhs etmiş, tarixi irsin rəqəmsal platformalara inteqrasiyasının gələcək nəsillər üçün böyük əhəmiyyət daşıdığını vurğulamışlar.
Maarifləndirici tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və milli-mədəni irsin qorunması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyəti bir daha diqqətə çatdırılmışdır.