Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiya etirazlara səbəb olub.
1xeber.media Bakupost.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən bir qrup əməkdaş attestasiya zamanı İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki sualların verildiyini, əvvəlcədən isə bu istiqamətdə təlimlərin keçirilmədiyini bildirir. Onların sözlərinə görə, nəticədə yüzlərlə əməkdaş işdən azad edilib.
Şikayətçilərin fikrincə, belə suallar nəzərdə tutulurdusa, əvvəlcə əməkdaşlar təlimə cəlb edilməli və ya İKT mütəxəssisləri kitabxanalara ezam olunmalı idi.
“Belə sualların tərtibi ədalətli deyil. Məncə, nəticələr ləğv olunmalı, əməkdaşlar kurslara cəlb edilməlidir. Bəsdir aciz insanları çörəklə imtahan etdiz!!! Bu yazıqlar illərini kitab işinə həsr ediblər, az məvacibə qane olublar, şəraitsiz, internetsiz məkanda fəaliyyət göstəriblər. Və qəfildən İKT-yə dair suallar, bu, doğrudan da ədalətin anasını ağlatmaqdır. Yox, məqsəd kütləvi işçiləri işdən çıxarmaq, kitabxanaları bağlamaqdırsa, bu başqa məsələ. Əksər qurum bacardıqca vətəndaşı dövlətdən narazı salmaqda israrlıdır. Sosial partlayışa təkan verirlər...”, - deyə paylaşımlardan birində qeyd olunub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirildi ki, mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların attestasiyası keçirilib. Qeyd olundu ki, Attestasiya ölkə üzrə bu qəbildən olan və yalnız informasiya texnologiyaları və kitabxana proseslərinin avtomatlaşdırılması ilə bağlı vəzifələrdə çalışan əməkdaşları əhatə edib:
“Attestasiyaya cəlb olunan 1100-dən çox əməkdaşın 25 faizi ali, 50 faizi orta ixtisas, 25 faizi isə orta təhsilli olub. Attestasiyanın əsas məqsədi kitabxana sistemində həyata keçirilən rəqəmsal transformasiya prosesinin tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların peşə bilik və bacarıqlarını, tutduqları vəzifələrə uyğunluğunu qiymətləndirmək, eyni zamanda rəqəmsal xidmətlərin keyfiyyətini daha da gücləndirməkdir.
Attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müfaviq Qərarı ilə təsdiq edilmiş işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun təşkil olunub.Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın keçirilməsi, attestasiya proqramı, qiymətləndirmə istiqamətləri və tez-tez verilən suallar bu ilin aprel ayından etibarən Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Attestasiya zamanı informasiya texnologiyaları üzrə sualların verilməsi də məhz attestasiya olunan əməkdaşların vəzifə funksiyalarından irəli gəlib. Kompüter, şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi üzrə baza biliklərinin qiymətləndirilməsi həmin vəzifələrin ayrılmaz tərkib hissəsidir”.
Nazirlikdən əlavə olundu ki, hazırda attestasiya komissiyalarının rəyləri və protokolları ümumiləşdirilir və yekun nətiəcələr əməkdaşlara işəgötürən tərəfindən bildiriləcək:
“Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların müasir tələblərə uyğun inkişafı, rəqəmsal transformasiyası və xidmət keyfiyyətinin artırılması həyata keçirilən islahatların əsas istiqamətlərindəndir. Attestasiya prosesi də bu məqsədlərə xidmət edən, peşə uyğunluğunun qiymətləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş qanunvericiliklə tənzimlənən mexanizmdir. Nazirlik bu prosesi qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və vahid qiymətləndirmə prinsipləri əsasında həyata keçirməkdə davam edəcək”.
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu tip imtahanlarda İKT biliklərinin yoxlanılması kitabxana sisteminin rəqəmsallaşmasının tərkib hissəsidir:
“Müasir dövrdə kitablar artıq elektron formada təqdim olunur və kitabxanalar elektronlaşdırılır. Məhz buna görə də illərlə kitabxana sahəsində işləyən şəxslər mütləq elektron sistemlərdən məlumatlı olmalı, süni intellekt və ya kompüter yönümlü sahələr üzrə müəyyən bilik və bacarıqlara malik olmalıdır. Ona görə də düşünürəm ki, imtahanın keçirilməsi və ya kitabxanaçıların sertifikasiyaya cəlb olunması beynəlxalq təcrübədə də öz əksini tapır. Əks halda, elektron kitabxanalardan istifadə mümkün olmayacaq və bu da həmin şəxslərin fəaliyyət imkanlarını məhdudlaşdıracaq”.