Rusiyanın Başqırdıstan Respublikasında tanış biznesmeni və onun 10 yaşlı oğlunu öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
1xeber.media xəbər verir ki, bu barədə Mash Batash Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, hadisə 2025-ci ilin may ayında baş verib. Həmin vaxt biznesmen azyaşlı oğlu ilə avtomobildə olarkən maskalı iki nəfər onlara hücum edib. Hücum edənlərdən biri biznesmeni boğmağa çalışıb, digəri isə uşağa zərbə endirərək onu ölümlə hədələyib.
Hadisə zamanı zərərçəkən şəxslərdən biri hücumçulardan birinin maskasını çıxarmağa nail olub və onun öz tanışı olduğunu tanıyıb. Bundan sonra o, oğluna hücumçunun adını qışqıraraq kömək çağırmaq üçün qaçmasını tapşırıb. Nəticədə ata və oğul hadisə yerindən xilas ola biliblər.
Məlumata görə, hadisədən sonra uşaq psixoloji travma aldığı üçün hazırda psixoloq nəzarətindədir.
İddia olunur ki, hücumla bağlı istintaq 14 aydan artıqdır davam edir. Bu müddətdə cinayət işi prosessual səhvlərə görə bir neçə dəfə əlavə araşdırmaya qaytarılıb.
Zərərçəkənin həyat yoldaşı bildirib ki, ailə hələ də təhlükə hissi ilə yaşayır. Onun sözlərinə görə, ev dustaqlığında olan şübhəlinin yenidən onlara qarşı hücum təşkil edə biləcəyindən ehtiyat edirlər. Bu səbəbdən qadın Rusiya İstintaq Komitəsinə müraciət edib.
Qeyd edək ki, rəsmi qurumlar məsələ ilə bağlı əlavə açıqlama verməyib.