İyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İkitərəfli və beynəlxalq gündəliyə dair aktual məsələləri müzakirə edən liderlər Azərbaycan-Rusiya əlaqələrinin konstruktiv xarakter daşıdığını, hökumətlərin və müvafiq strukturların xətti ilə fəal dialoqun aparıldığını qeyd ediblər. Faydalı əməkdaşlığın daha da genişlənməsinə dair qarşılıqlı maraq təsdiqlənib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə 1xeber.media-ya açıqlamasında deyib ki, Rusiya Azərbaycanın şimal qonşusu və bir çox məsələlərdə ortaq mövqeyimiz olan ölkədir:
“Rusiya ilə münasibətlər Azərbaycan xarici siyasətində həmişə önəmli yerlərdən birini tutub. Prezidentimiz bir müddət əvvəl Şuşada keçirilən IV Qlobal Media Forumunda Rusiya ilə münasibətləri xüsusi vurğulamış və bu münasibətlərin bu gün normal olduğunu bildirmişdi. Dünənki telefon zəngi onu göstərir ki, dövlətlərin müzakirə edəcəyi, eyni zamanda müəyyən məsələlərdə birgə hərəkət edəcəyi xeyli mövzu var. Şübhəsiz ki, bunlar beynəlxalq hüquq normaları və suverenlik çərçivəsində olan məsələlərdir. Azərbaycan həmişə öz milli maraqlarını ən yüksək səviyyədə qoruyub və digər dövlətlərlə münasibətlərdə milli maraqların ortaq nöqtələrini tapmağa çalışıb”.
Onun sözlərinə görə, dünənki telefon danışığı onu göstərir ki, iki qonşu ölkə münasibətlərin normal olmasında maraqlıdır:
“Bir müddət əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri və Rusiya xarici siyasət idarəsinin rəhbərliyi ilə apardığı müzakirələr də onu göstərir ki, tərəflər arasında normal dialoq mövcuddur. Beynəlxalq münasibətlər sistemində ölkələr, xüsusilə də qonşu dövlətlər bir-biri ilə nə qədər çox təmasda olsalar və məsələləri danışıqlar masası arxasında həll etməyə çalışsalar, sülh, əməkdaşlıq və inkişafın təmin olunması da bir o qədər mümkün olar".
Aysel