Madrid şəhər rəhbərliyi "Rayo Valyekano"nun doğma stadionu olan "Valyekas" arenasının fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.
1xeber.media xəbər verir ki, buna səbəb stadionda aparılan texniki baxış zamanı təhlükəsizliklə bağlı bir sıra ciddi problemlərin aşkarlanması olub. Bildirilir ki, yanğından mühafizə sistemi, elektrik şəbəkəsi və fövqəladə hallarda istifadə olunan işıqlandırma sistemi standartlara cavab vermədiyi üçün arenada təcili təmir işlərinin görülməsi zəruri sayılıb.
İlkin qiymətləndirmələrə əsasən, yenidənqurma və təmir prosesinin 2-6 ay davam edəcəyi gözlənilir.
La Liqanın 2026/2027 mövsümü avqustun 15-də start götürəcək. "Rayo Valyekano" isə ilk ev qarşılaşmasını avqustun 20-də keçirməli olsa da, stadion hazır olmayacağı üçün həmin oyunu başqa arenada təşkil edəcək.
Xatırladaq ki, Madrid təmsilçisi ötən mövsüm La Liqanı 8-ci sırada başa vuraraq UEFA Konfrans Liqasının finalına yüksəlmiş və klub tarixində ilk dəfə avrokubok medalı əldə etmişdi.