Вернуться назад Распечатать

Lavrov Rusiyanın Qərbin ultimatumuna “qürurlu cavabını” açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Ukrayna məsələsinin həlli çərçivəsində Moskvaya ultimativ tələblər irəli sürür, lakin Rusiya öz milli maraqlarından və “qürurundan” geri çəkilməyəcək.

1xeber.media xəbər verir ki, bu barədə Lavrov TASS agentliyinə açıqlamasında danışıb.

Nazirin sözlərinə görə, Qərb ölkələri Rusiya ilə danışıqların nə vaxt bərpa olunacağı barədə qərar verməyə çalışır və mümkün görüşlərin Avropa, ABŞ, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilməsini istəyir.

“Bundan əvvəl isə, onların fikrincə, atəşkəs və döyüşlərin dayandırılması elan olunmalıdır. Bu nə deməkdir? Bu, ultimatumdur”, – deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Moskva öz milli maraqlarından və “öz qürurundan” imtina etmək niyyətində deyil.

Lavrov bu fikri izah edərkən Vladimir Mayakovskinin “Brodvey” şeirindən “Sovetlərin öz qüruru var” misrasını xatırladıb və qeyd edib ki, bu xüsusiyyət yalnız sovet dövrünə aid deyil, rus xalqının tarixində daha əvvəldən mövcud olub.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə sülh danışıqlarına hazır olduğu prinsipləri açıqlamışdı. Onun sözlərinə görə, dialoq İstanbulda əldə olunan razılaşmalar, Ankoricdə müzakirə edilən yanaşmalar və “yerdəki reallıqlar” əsasında aparılmalıdır.