Zelenski Trampdan Ukraynanın enerji sistemini qorumaq üçün “Patriot” raketləri istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampdan ölkənin enerji infrastrukturunu qış aylarında mümkün hücumlardan qorumaq məqsədilə Patriot hava hücumundan müdafiə sistemi üçün əlavə raketlərin təcili göndərilməsini xahiş edib.
1xeber.media xəbər verir ki, Zelenski bu barədə Axios nəşrinə müsahibəsində danışıb.
Məlumata görə, Ukrayna lideri Trampdan “qış paketi” adlandırdığı Patriot raketlərinin təcili şəkildə təqdim edilməsini istəyib. Onun sözlərinə görə, bu addım Rusiyanın enerji infrastrukturuna mümkün zərbələrinin qarşısını almaq üçün vacibdir.
Nəşr yazır ki, Zelenski eyni zamanda ABŞ-ın müdafiə sənayesi şirkətləri ilə Ukraynada istehsal olunan raketlərin təkmilləşdirilməsi imkanlarını da müzakirə edir. Məqsəd döyüş xüsusiyyətlərinə görə Patriot raketlərinə yaxın imkanlara malik sursatların hazırlanmasıdır.
Bundan əvvəl energetika üzrə ekspert Stanislav İqnatyev qarşıdakı qışın münaqişə başlayandan bəri Ukrayna üçün ən çətin mövsüm ola biləcəyini bildirmişdi. Onun sözlərinə görə, enerji sisteminə dəyən ciddi ziyan səbəbindən infrastruktur hazırda imkanlarının son həddində fəaliyyət göstərir.