Son günlər marketlərdə yumurtanın qiymətində artım müşahidə olunduğu bildirilir. Sosial şəbəkələrdə yayılan görüntülərdə "kənd yumurtası" adı ilə satılan məhsulların 36-38 qəpiyə, ağ yumurtaların isə 28 qəpiyə təklif edildiyi görünür. Halbuki bir müddət əvvəl bəzi satış məntəqələrində yumurtanın 1-2 qəpiyə qədər ucuzlaşdırılması ilə bağlı kampaniyalar diqqət çəkmişdi.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli 1xeber.media-ya açıqlamasında deyib ki, yumurta qiymətlərində son günlər müşahidə olunan artımın bir neçə səbəbi ola bilər:
“İlk növbədə, yay mövsümündə yüksək temperatur yumurta istehsalına müəyyən təsir göstərir. İsti hava toyuqların məhsuldarlığını azalda, eyni zamanda quşçuluq təsərrüfatlarında soyutma, ventilyasiya və digər texniki xərcləri artıra bilər. Bu da istehsalın maya dəyərinin yüksəlməsinə səbəb olur. Digər mühüm amil yem qiymətləridir. Quş yeminin əsas hissəsini təşkil edən taxıl və digər yem komponentlərinin qiymətində baş verən dəyişikliklər birbaşa yumurtanın maya dəyərinə təsir edir. Enerji, yanacaq və logistika xərclərindəki artım da məhsulun son satış qiymətinə əlavə təzyiq yaradır.”
O qeyd edib ki, son aylarda bəzi marketlərin keçirdiyi endirim kampaniyaları bazardakı real qiyməti tam əks etdirmirdi:
“Bir sıra hallarda yumurta alıcı cəlb etmək məqsədilə maya dəyərinə yaxın, hətta ondan aşağı qiymətlə satılırdı. Kampaniyaların başa çatması ilə qiymətlərin əvvəlki səviyyəyə qayıtması istehlakçılar tərəfindən bahalaşma kimi qəbul edilir. Qiymətlərə tələb və təklif nisbəti də təsir göstərir. Əgər bazara çıxarılan məhsulun həcmi azalır, lakin tələbat sabit qalır və ya artırsa, qiymətlərin yüksəlməsi iqtisadi baxımdan təbii proses hesab olunur. Hazırkı mərhələdə qiymət artımının əsasən mövsümi və istehsal xərcləri ilə bağlı olduğu ehtimalı daha yüksəkdir. Əgər payız aylarında hava şəraiti normallaşar, yem bazarında ciddi bahalaşma baş verməz və istehsal həcmi artarsa, qiymətlər sabitləşə, hətta müəyyən qədər aşağı düşə bilər. Lakin beynəlxalq taxıl bazarında qiymət artımı, enerji xərclərinin yüksəlməsi və ya quşçuluq sektorunda hər hansı əlavə problem yaranarsa, yumurtanın qiymətində yenidən artım müşahidə oluna bilər. Hazırkı vəziyyətdə isə kəskin bahalaşmadan daha çox qiymətlərin müəyyən müddət mövcud səviyyədə qalacağı və bazardakı tələb-təklif balansına uyğun dəyişəcəyi ehtimalı daha yüksək görünür”.
Aysel