Zaqatalada dönərdən kütləvi zəhərlənmə faktının qeydə alınması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin məlumata görə, müxtəlif iaşə obyektlərində dönər yedikdən sonra 8 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib
Mövzuyla bağlı qida eksperti Asim Vəliyev 1xeber.media-ya açıqlamasında bildirib ki, dönərdən zəhərlənmələr əsasən tək bir faktordan yox, xammalın qəbulundan süfrəyə qədər olan mərhələlərdə mikrobioloji risklərin düzgün idarə olunmamasından yaranır:
“Əsas fəsadlar termiki emalın yetərsizliyi, patogen bakteriyaların çoxalması üçün əlverişli temperatur şəraitinin yaranması, kütləvi çarpaz çirklənmə halları ilə bağlıdır. Dönər yüksək risk qrupuna aid məhsuldur. Bakteriyaların ən sürətlə bölündüyü temperatur aralığı 5 ilə 60 dərəcə arasıdır. Dönər əti şişə vurulduqdan sonra üst qat bişsə də, daxili qatları uzun müddət bu təhlükəli zonada qalır. Əgər ət dondurucudan çıxarıldıqdan sonra dərhal düzgün istiliklə bişirilmirsə, bakteriyalar sürətlə toksin ifraz etməyə başlayır. Çiy ətlə təmasda olan bıçaqlar, lövhələr, işçi heyətin əlləri, eyni masada hazırlanan tərəvəzlər vasitəsilə patogen mikrorqanizmlər hazır, bişmiş qidaya keçir. Dönərin tərkibindəki mayonez əsaslı souslar, ya yaxşı yuyulmamış tərəvəzlər dəzgah üzərində saatlarla otaq temperaturunda qaldıqda patogenlərin çoxalması üçün ideal şərait yaranır”.
O qeyd edib ki, soyuq zəncirin qırılması, yəni ətin kəsimxanadan obyektə gələnədək 4 dərəcədən yuxarı temperaturda daşınması, dəfələrlə dondurulub əridilməsi mikrobioloji yükü artırır:
“Çiy ətlə işləyən sahə ilə hazır tərəvəz, çörək sahəsi tam ayrılmalıdır. Çiy ət üçün qırmızı, tərəvəz üçün yaşıl kəsmə lövhələrindən və fərqli bıçaqlardan istifadə olunmalıdır. Dönərin daxili temperaturu minimum 70 dərəcədən yuxarı olmalıdır. Bişməmiş, çiy qalan əti qətiyyən kəsib müştəriyə vermək olmaz. Kəsilən ətin çəhrayı, qanlı, ya çiy görünməməsinə diqqət etməliyik. Ətin tam bişməlidir. Şişin ətrafındakı istilik mənbəyinin kifayət qədər güclü olub-olmadığını, ətin kəsilən hissəsinin dərhal tüstülənərək bişdiyini müşahidə etsək yaxşı olar. Satıcının əlcək, önlük və saç toru istifadə edib-etmədiyinə, eyni əllə hem pulu, həm də qidanı tutub-tutmadığına diqqət etməliyik. Dəzgahın üzərində açıqda, soyuducudan kənar saxlanan souslar və solğun görünən tərəvəzlər varsa dönər almasaq yaxşıdır”.
Aysel