"Bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 dollar səviyyəsində qalsın. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var".
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində bildirib.
AMB sədri əlavə edib ki, son 18 ayda valyuta bazarında təklif tələbi üstələyib: Dominos pizza
"Bu bir faktdır. İkinci fakt isə ondan ibarətdir ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var.
2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40%-i xarici valyutada idisə, bu gün bu göstərici cəmi 25%-dir. Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6.3 milyard artıb və 12.5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir".
Taleh Kazımov əlavə edib ki, bəzən heç bir əsas olmadan insanlar arasında “kurs dəyişəcək” kimi fikirlər yayılır: "İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqələrinə dollar alır, bir həftədən sonra isə satır. Mən istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var? Bizim əsas məqsədimiz, mandatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün bugünkü çərçivə, sabit məzənnə rejimi tam uyğundur. Bu siyasətimizi növbəti illərdə də davam etməyi planlaşdırırıq"./APA-Economics