Вернуться назад Распечатать

İrana qarşı zərbələr başa çatdırıldı - Yenilənib

ABŞ ordusu Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları dayandırmasından bir neçə gün sonra ölkəyə yeni hava zərbələri endirməyə başlayıb.

1xeber.media xəbər verir ki, ABŞ rəsmisinin “Axios”a verdiyi məlumata görə, bu, Trampın diplomatiyaya daha bir şans vermək məqsədilə ötən cümə günü bombardman kampaniyasını dayandırmasından sonra ABŞ-ın İrana qarşı keçirdiyi ilk hava əməliyyatıdır.

Yeni hücumlar İranın bir gün əvvəl İordaniyada yerləşən ABŞ hərbi bazasına raket zərbələri endirməsindən sonra baş verib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, İranın atdığı bütün raketlər zərərsizləşdirilib.

Tramp çərşənbə günü jurnalistlərə açıqlamasında ABŞ-nin günün sonuna qədər İrana qarşı “çox güclü” zərbə endirəcəyini bildirib.

“İndi növbə bizdədir”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin İranın raket hücumunun səhv olduğunu etiraf etdiyini və Vaşinqtondan cavab zərbəsi endirməməyi xahiş etdiyini iddia edib.

ABŞ daha əvvəl İranda hərbi obyektlərə 13 gecə ardıcıl zərbələr endirdikdən sonra əməliyyatları dayandırmışdı. Tramp bu addımı diplomatik danışıqlara imkan yaratmaqla əsaslandırmışdı. Lakin İranın ABŞ-nin İordaniyadakı hərbi bazasına raket hücumu tərəflər arasında yaranmış fasiləni pozub. Nəticədə Vaşinqton hərbi əməliyyatları cəmi beş gün sonra yenidən bərpa edib.

***

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, İrana qarşı yeni hücum dalğası tamamlanıb.

Bildirilib ki, əməliyyat çərşənbə axşamı İranın ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi raket hücumuna cavab olaraq keçirilib. ABŞ ordusu İrandakı hədəflərə qarşı “güclü hücum dalğası”nı başa çatdırıb.

CENTCOM sosial media hesabında yayımladığı açıqlamada ABŞ qüvvələrinin İranda İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) məxsus onlarla hədəfi vurduğunu bildirib.

Açıqlamaya əsasən, zərbələrin hədəfində hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz uçuş aparatı qurğuları, sahil müşahidə və müdafiə sistemləri, eləcə də dəniz imkanları olub.

ABŞ Mərkəzi Komandanlığı hücumlar zamanı ümumilikdə neçə hədəfin vurulduğu barədə əlavə məlumat verməyib.