“Bir müddətdir Azərbaycan-Rusiya münasibətlərində müəyyən problemlər mövcud idi. Bu problemlər daha çox Rusiya tərəfinin mövqeyindən qaynaqlanırdı. Azərbaycana gəldikdə isə, ölkəmiz hər zaman Rusiya ilə münasibətlərin qorunub saxlanılmasında maraqlı olub və bunun üçün ardıcıl, real addımlar atıb. Lakin məsələnin mahiyyəti ondan ibarətdir ki, təyyarə qəzasından sonra Rusiya Azərbaycandan üzr istəmədi, məsuliyyəti öz üzərinə götürmədi və əksinə, problemin uzanmasına səbəb ola biləcək addımlar atdı”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, bu müddətdə Prezident prinsipial və qətiyyətli mövqe nümayiş etdirdi:
“Azərbaycan öz qəti və prinsipial mövqeyini açıq şəkildə ortaya qoydu və həmin mövqedən geri çəkilməyəcəyini nümayiş etdirdi. Rusiya tərəfi anladı ki, Azərbaycan öz prinsipial mövqeyində israrlıdır və geri addım atmayacaq. Nəticədə Rusiya münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmağa məcbur oldu. Artıq görürük ki, Rusiya özü ikitərəfli münasibətlərin normallaşmasına çalışır və bu istiqamətdə müəyyən səylər göstərir. Azərbaycan konstruktiv, sağlam və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa, eləcə də münasibətlərin inkişafına hazırdır. Hesab edirəm ki, Rusiya tərəfi də bunu nəzərə almalı və münasibətlərin gələcəyi üçün eyni yanaşmanı nümayiş etdirməlidir".
Qeyd edək ki, iyulun 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Aysel