ABŞ-ın peyk missiyası üçün buraxılan aparat idarəolunmaz şəkildə fırlanmağa başlayıb
ABŞ-ın Mission Robotic Vehicle (MRV) missiyası çərçivəsində kosmosa göndərilən aparatın öz oxu ətrafında fırlanmağa başladığı bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə NASA-ya istinadən Gizmodo məlumat yayıb.
Məlumata görə, peyklərə texniki xidmət göstərmək və gələcəkdə müxtəlif kosmik əməliyyatlarda istifadə olunmaq üçün nəzərdə tutulan MRV-nin “Link” aparatı üçölçülü fəzada istiqamətlənməni idarə edən sistemdə nasazlıqla üzləşib.
Katalyst Space Technologies şirkətinin məlumatına əsasən, yaranan problem nəticəsində aparatın peyklə əlaqəsində fasilələr baş verib.
Hazırda mütəxəssislər kosmik aparatın fırlanmasını dayandırmaq və onun normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görürlər.
Qeyd edək ki, MRV missiyası kosmosda peyklərə xidmət göstərmək, onların istismar müddətini uzatmaq və müxtəlif texniki əməliyyatlar aparmaq məqsədi daşıyır. Aparatın mümkün hərbi tətbiqləri ilə bağlı müxtəlif ehtimallar səsləndirilsə də, rəsmi məqsədi texniki xidmət missiyasıdır.