Вернуться назад Распечатать

Dünya mərkəzi bankları rekord həcmdə qızıl alıb

2026-cı ilin ikinci rübündə dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını rekord həcmdə artırıblar.

1xeber.media xəbər verir ki, bu barədə Bloomberg Dünya Qızıl Şurasının (WGC) məlumatlarına istinadən yazıb.

Məlumata görə, aprel-iyun aylarında mərkəzi banklar ümumilikdə 289 ton qızıl alıblar. Bu göstərici həmin rüb üçün tarixi rekord hesab olunur.

Ən böyük alıcı Polşa olub. Ölkənin qızıl ehtiyatlarına əlavə olaraq 51 ton metal daxil edilib. Çin isə ehtiyatlarını daha 33 ton artırıb.

WGC-nin məlumatlarına əsasən, digər ölkələr də qızıl alışını davam etdirib. Belə ki, Özbəkistan 16 ton, Qazaxıstan 15 ton, İordaniya və Çexiya isə hər biri 6 ton qızıl alıb.

Bununla yanaşı, Rusiya Mərkəzi Bankının ikinci rübdə 22 ton qızıl satdığı və bu göstərici ilə dövrün ən böyük satıcısına çevrildiyi bildirilib. Türkiyə Mərkəzi Bankı isə ehtiyatlarından 4 ton qızıl çıxarıb.

Məlumata görə, 2026-cı ilin may ayında dünya mərkəzi banklarının qızıl ehtiyatları daha 41 ton artıb. Həmin dövrdə Polşa Mərkəzi Bankı 18 ton qızıl alaraq ümumi ehtiyatını 614 tona çatdırıb. Çin Xalq Bankı isə ehtiyatlarını 10 ton artırıb.

Rusiya Mərkəzi Bankının isə may ayında qızıl ehtiyatlarını 6 ton azaltdığı qeyd olunur.