Вернуться назад Распечатать

Almaniya iqtisadiyyatı gözləntiləri üstələyib

2026-cı ilin ikinci rübündə Almaniya iqtisadiyyatı analitiklərin proqnozlarını üstələyərək artım nümayiş etdirib.

1xeber.media xəbər verir ki, bu barədə Handelsblatt nəşri Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına istinadən yazıb.

Məlumata görə, Avropa İttifaqının ən böyük iqtisadiyyatına malik olan Almaniyanın ümumi daxili məhsulu (ÜDM) ikinci rübdə 0,2 faiz artıb.

Bundan əvvəl İfo İqtisadi Araşdırmalar İnstitutu Almaniya iqtisadiyyatının bu dövrdə artım göstərməyəcəyini və ÜDM-in dəyişməz qalacağını proqnozlaşdırmışdı.

Ekspertlərin qiymətləndirməsinə əsasən, iqtisadi artım əsasən ixracın artması hesabına təmin olunub. Bildirilir ki, geosiyasi qeyri-sabitliyə baxmayaraq, Almaniyanın ixrac göstəriciləri yüksəlib.

Eyni zamanda, daxili istehlak zəif artım nümayiş etdirib, investisiyalar isə azalıb.

Məlumata görə, Almaniya iqtisadiyyatı 2025-ci ilin yekununda da 0,2 faiz artım göstərmişdi. Bundan əvvəl isə ölkə iqtisadiyyatı 2023-cü ildə 0,9 faiz, 2024-cü ildə isə 0,5 faiz kiçilmişdi.