NATO-nun Transformasiya üzrə Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı admiral Pyer Vandye alyansın müasir münaqişələrin tələblərinə uyğunlaşmaq üçün müdafiə sənayesini yenidən qurmalı olduğunu bildirib.
1xeber.media xəbər verir ki, o, bu barədə Fox News telekanalına müsahibəsində danışıb.
Vandyenin sözlərinə görə, Ukrayna və Yaxın Şərqdəki münaqişələr göstərir ki, NATO silah istehsalına yanaşmasını dəyişməlidir.
“Bu gün riyazi baxımdan üstünlük Qərbin tərəfində deyil. Məsələn, ildə 50 min Patriot raketi istehsal etmək mümkün deyil. Bunun üçün nə təchizat zənciri mövcuddur, nə də bu, silahların yüksək qiymətini nəzərə alsaq iqtisadi cəhətdən səmərəlidir”, – deyə admiral bildirib.
Onun fikrincə, alyansa çoxsəviyyəli müdafiə sistemi lazımdır. Bu sistem çərçivəsində həm pilotsuz uçuş aparatlarına qarşı kütləvi şəkildə istehsal edilə bilən daha ucuz silahlar, həm də ballistik hədəflərə qarşı yüksək texnologiyalı vasitələr hazırlanmalıdır.
Vandye həmçinin qeyd edib ki, Rusiya döyüş meydanında əldə etdiyi təcrübədən nəticə çıxarmaq və yeni şəraitə uyğunlaşmaq bacarığını nümayiş etdirir.
Xatırladaq ki, daha əvvəl NATO-ya üzv səkkiz ölkə və Ukrayna müdafiə, təhlükəsizlik və dayanıqlılıq bankının yaradılması niyyətini açıqlayıb. Yeni maliyyə institutunun əsas məqsədi müdafiə sahəsinə investisiyaların artırılması və hərbi istehsalın genişləndirilməsidir.