Alman nəşri Rusiyanın Afrikada yeni hərbi-logistika marşrutu yaratdığını yazıb
Rusiya Malidə yerləşən Afrika Korpusunun təchizatı üçün yeni dəniz marşrutu yaradıb. Almaniyanın Neue Zürcher Zeitung (NZZ) nəşri hesab edir ki, bu addım Moskvanın regiondakı hərbi mövqelərini gücləndirə bilər.
1xeber.media xəbər verir ki, nəşrin məlumatına görə, dənizə çıxışı olmayan Maliyə hərbi yüklərin çatdırılması uzun müddət ciddi logistika problemi hesab olunurdu.
Bildirilir ki, Rusiya bu məqsədlə Toqo ilə əməkdaşlıq qurub və Afrika Korpusunun təchizatı artıq həmin ölkə üzərindən həyata keçirilir.
Nəşr yazır ki, Rusiya hərbi karvanı Kalininqrad vilayətindəki Baltiysk hərbi-dəniz bazasından yola çıxaraq Avropa və Qərbi Afrika sahilləri boyunca hərəkət edib, daha sonra Qvineya körfəzi vasitəsilə Toqoya, oradan isə Malinin paytaxtı Bamakoya çatıb. Marşrutun ümumi uzunluğunun 10 min kilometrdən çox olduğu qeyd edilir.
NZZ-nin fikrincə, bu logistika xətti təkcə Rusiya hərbçilərinin və onların Malidəki müttəfiqlərinin təminatını yaxşılaşdırmır, həm də Moskvanın Afrikadakı nüfuzunu möhkəmləndirmək məqsədi daşıyır.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, 25 aprel tarixində Afrika Korpusunun hərbçiləri Malidə radikal silahlı qrupların iri hücumunun qarşısını alıb. Nazirliyin iddiasına görə, Kidal şəhəri yaxınlığında baş verən döyüşlər zamanı ölkədə dövlət çevrilişi cəhdinin qarşısı alınıb.