Вернуться назад Распечатать

“Aqrarkredit” qalmaqalı: “Azərinşaatservis”in məsələsi araşdırlacaqmı?

Bu yaxınlarda “Aqrarkredit” BOKT-la bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) cinayət işi açılıb.

1xeber.media  Tribuna.az -a istinadla xəbər verir ki, açılan cinayət işi ilə əlaqədar artıq bir neçə nəfər saxlanılıb.
Səbəb isə BOKT-un keçmiş rəhbəri Məmməd Musayevin özünə yaxın şəxslərə 100 milyon manata yaxın kredit verməsi və onların təyinatı üzrə xərclənməməsidir. Yayılan xəbərlərdən belə məlum olur ki, “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin rəhbəri olduğu Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Şurabad quşçuluq MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, Salyansüd MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanova külli miqdarda kredit verib. Həmin şəxslər isə saxlanılıb.
Qeyd edək ki, bu hadisədən sonra gündəmə başqa bir məsələ də gəlib. O da “Aqrarkredit”in “Azərinşatservis”in başına açdığı oyundur. Belə ki, bir müddət əvvəl müflis elan edilən MMC-nin mülkləri məhz bu BOKT tərəfindən taru-mar edilib.
Belə ki, məhkəmələr MMC-nin borclu olduğu kreditorların xeyrinə qətnamələr çıxarsa da, onların heç birinin icrası həyata keçirilməyib. Məsələn, “Azərinşaatservis”in balansında olan çoxlu sayda texnika və əmlak ucuz qiymətləndirilərək, satılıb.
Məlum olur ki, sxemin başında Məmməd Musayevlə yanaşı, vaxtilə “Azərsu”da müavin postunu tutmuş Arzuman Abbasov dayanıb. Proseslərin qanun çərçivəsinə salınmasını “Aqrarkredit”in hüquq şöbəsinin müdiri Vilayət adlı şəxs təşkil edib. Qanunsuz əməliyyatlardan gələn maliyyə axınını və bölüşdürülməni isə Arzuman Abbasovun yaxın adamı və “qara kassası” kimi tanınan Nazim adlı şəxs idarə edib. Zərərçəkənlərin iddialarına görə, bu şəbəkəyə Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsinin rəisi Vilayət Məmmədov, Binəqədi İcra Şöbəsinin rəisi Fuad Nəbiyev və icra məmuru Asəm Əhmədov da köməklik göstəriblər.
Bu maxinasiyanın pik nöqtəsi Binəqədi rayonunda yerləşən 3.5 hektarlıq torpaq sahəsi ətrafında yaşanıb. Real bazar dəyəri 30-35 milyon manat olan bu ərazi 49 payçının, o cümlədən xeyrinə 3.8 milyon manatlıq məhkəmə qətnaməsi olan “SİRR-M” MMC-nin borclarının ödənilməsinə yönəldilməli idi. Lakin proseslərdə dəfələrlə qanun pozuntularına yol verilib. Bazar dəyəri 30 milyon manatdan çox olan torpaq sahəsinə əvvəlcə Binəqədi İcra Şöbəsi tərəfindən 13 milyon manat qiymət qoyulub, etirazlardan sonra bu rəqəm müəmmalı şəkildə 25 milyon manata qaldırılıb. “Kəngərli” MMC və digər tələbkarların şikayəti ilə Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi icra məmurunun və “Aqrarkredit”in bu hərəkətlərini qanunsuz hesab edib. Məhkəmənin qadağalarına və 18 mart 2026-cı ildə icra məmurunun sifarişi geri çəkməsinə baxmayaraq, cəmi 4 gün sonra – 22 mart 2026-cı ildə, qeyri-iş günündə “Aqrarkredit”in təşkilatçılığı ilə gizli hərrac keçirilib. 8 aprel 2026-cı il tarixli hərrac protokoluna əsasən, “Aqrarkredit” əldə olunan vəsaitdən 1.6 milyon manatı icra xidməti haqqı, 863 min manatı isə icra şöbəsinin ödənişi kimi silib. Lakin torpağın hansı qiymətə satıldığı gizlədilib və 49 payçıya tək bir qəpik də ödənilməyib. Bir bu epizod üzrə Məmməd Musayevin rəhbərliyi ilə 30 milyon manatlıq torpaq sahəsi “buxarlanıb”, 49 payçı “quru yerdə” qalıb.
İndi maraqlıdır, qaldırılan cinayət işində “Azərinşaatservis” MMC ilə bağlı məsələni də araşdırlacaqmı?