2026-cı il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının indiyədək elan olunan nəticələri təhsil ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bu il hələlik yalnız bir abituriyent 700 bal toplayaraq ən yüksək nəticəyə imza atıb. Son on ilin statistikası isə maksimum nəticə göstərənlərin sayının ildən-ilə azaldığını ortaya qoyur. Mütəxəssislər bu tendensiyanın səbəblərini imtahan modelindəki dəyişikliklər, sualların çətinlik səviyyəsi və tədrisin keyfiyyəti ilə əlaqələndirirlər.
Bununla bağlı təhsil eksperti Qoşqar Məhərrəmov 1xeber.media-ya açıqlamasında deyib ki, 700 bal toplamaq ümumilikdə təhsilin uğur göstəricisi deyil:
“Yəni 5 və ya 10 nəfərin 700 bal toplaması hələ təhsil sisteminin yüksək səviyyədə olması anlamına gəlmir. Bunun üçün ümumi statistik göstəricilərə baxmaq lazımdır. Məsələn, şagirdlərin neçə faizi 25 faiz nəticə göstərib, neçə faizi 50 faiz nəticə əldə edib, neçə faizi isə 10 faizdən aşağı nəticə toplayıb. Bu kimi statistik hesablamalar aparıldıqdan sonra təhsilin ümumi vəziyyəti haqqında obyektiv fikir söyləmək mümkündür. Bəs 700 bal toplayanların sayının azalması nəyi göstərir? Məncə, bu, daha çox Dövlət İmtahan Mərkəzinin suallarının ildən-ilə analitik düşüncə tələb edən istiqamətdə dəyişməsi ilə bağlıdır. Yəni əzbərçiliyə əsaslanan yanaşmadan tədricən idrakı, məntiqi təfəkkürü və analiz qabiliyyətini ölçən yanaşmaya keçid müşahidə olunur. Təbii ki, bu dəyişiklik şagirdlər üçün müəyyən çətinlik yaradır”.
Onun sözlərinə görə, imtahan suallarının bir qismi yaddaşı, bir qismi tətbiq bacarığını, digər hissəsi isə analitik düşüncəni, analiz və sintez qabiliyyətini, yəni daha yüksək səviyyəli idrak bacarıqlarını ölçür:
“Bu səbəbdən də sualların çətinlik dərəcəsi və quruluşu əvvəlki illərlə müqayisədə fərqlənir. Dünyada təhsildə formalaşan tendensiyalar Dövlət İmtahan Mərkəzi tərəfindən də izlənilir. Bunun nəticəsində dərsliklərin məzmununa uyğun olaraq sualların formatında müəyyən dəyişikliklər edilir. Lakin şagirdlər uzun illər daha çox əzbərçiliyə əsaslanan təlim və tədris modelinə öyrəşdikləri üçün analitik düşüncə tələb edən bu tip suallarda çətinlik çəkirlər. Məncə, 700 bal toplayanların sayının azalmasının əsas səbəbi də məhz budur”.
Ona görə də hesab etmirəm ki, 700 bal toplayanların sayının azalması təhsilin keyfiyyətinin aşağı düşməsi deməkdir:
“Bu iki göstərici arasında birbaşa əlaqənin və ya korrelyasiyanın olduğunu düşünmürəm. Sualların qəlizləşməsi məsələsinə gəldikdə isə, mən bunu qəlizləşmə kimi qiymətləndirməzdim. Burada əsas məsələ sualların formatının dəyişməsidir. Sualın quruluşu, mətninin təqdim olunma forması fərqlənib. Məhz bu dəyişiklik şagirdlərin sualı düzgün qavramasında müəyyən çətinlik yaradır. Ehtimal ki, abituriyentlər cavab variantları arasından ən doğru cavabı seçməkdə çətinlik çəkirlər. Çünki artıq suallar sadəcə yaddaşı yoxlamağa deyil, daha çox düşünməyi, müqayisə aparmağı və ən düzgün cavabı müəyyən etməyi tələb edir”.
Aysel