Marsda çəkilən fotoda “yadplanetlilərin raketi” olduğu iddia edilib
Ufoloq Skott Uorinq Marsın səthində çəkilmiş fotolardan birində “yadplanetlilərə məxsus partlamamış raket” aşkar etdiyini iddia edib.
1xeber.media xəbər verir ki, bu barədə Daily Star nəşri məlumat yayıb.
Məlumata görə, UFO Sighting Daily saytının tədqiqatçısı Skott Uorinq iyun ayında Curiosity marsoxodu tərəfindən çəkilmiş görüntünü araşdırarkən raketə bənzər uzunsov obyektə diqqət yetirib. O, obyektin uzunluğunu təxminən iki metr qiymətləndirib.
Ufoloqun fikrincə, bu tapıntı qədim dövrdə Marsda inkişaf etmiş sivilizasiyanın müharibə nəticəsində məhv olunduğuna dair “təkzibedilməz sübut” hesab oluna bilər.
NASA isə bu iddialarla bağlı hər hansı rəsmi şərh verməyib.
Daily Star qeyd edir ki, milyardlarla il davam edən vulkanik proseslər, meteorit zərbələri və eroziya nəticəsində Marsın səthində çoxsaylı qeyri-adi formalı qayalar yaranıb. Mütəxəssislərin fikrincə, bu cür təbii geoloji formalar bəzən yadplanetli texnologiyası və ya süni qurğular kimi yanlış şərh edilir.