Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya və Ukrayna arasında vasitəçi rolunu üzərinə götürməməsinin səbəbi kimi tərəflərə təsir imkanlarının məhdud olması göstərilib.
1xeber.media xəbər verir ki, bu barədə qazaxıstanlı politoloq, “Beynəlxalq Sosiologiya və Siyasət İnstitutu” ictimai fondunun direktor müavini Marat Şibutov açıqlama verib.
Ekspert bildirib ki, vasitəçi yalnız danışıqların təşkilində deyil, həm də əldə olunan razılaşmaların yerinə yetirilməsinə nail olmaq imkanına malik olmalıdır. Onun sözlərinə görə, Qazaxıstanın xüsusilə Ukraynaya münasibətdə belə təsir mexanizmləri yoxdur.
“Praktika da göstərir ki, belə imkanlar heç kimdə yoxdur. Ukrayna heç kimi dinləmir”, – deyə Şibutov bildirib.
Xatırladaq ki, iyulun 25-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna münaqişəsinin dondurulmasına çağırış edib. O, bu fikri Omsk şəhərində keçirilən Rusiya-Qazaxıstan regionlararası əməkdaşlıq forumu çərçivəsində səsləndirib. Tokayev atəşin dayandırılması və İstanbul razılaşmalarına qayıdılması təklifini irəli sürüb.
Qeyd edək ki, bu materialda yer alan fikirlər qazaxıstanlı politoloqun qiymətləndirmələrinə əsaslanır.