Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlanır və sentyabr-oktyabr aylarında yeni yanaşmalar tətbiq ediləcək. Bunun rəqabətliliyin artırılmasına təkan verəcəyi bildirilir.
Bəs görəsən, maaş və pensiya kartlarında hansı yeniliklər tətbiq edilə bilər?
1xeber.media xəbər verir ki, İqtisadçı Xalid Kərimli "Unikal"a açıqlamasında bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunur. Onun sözlərinə görə, işləyən şəxslərə və təqaüdçülərə hüquq veriləcək ki, öz əməkhaqqı və pensiyasını aldığı maliyyə institutunu özü seçsin:
"Yəni, vətəndaş bank tətbiqlərindən əməkhaqqısının gəlmə bankını rahat seçə biləcək. Bu, vətəndaşın işini rahatlaşdırır. Tutaq ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və yaxud hansısa dövlət təşkilatı gedib X bankla müqavilə bağlayıb, vətəndaş həmin bankdan pulunu nağdlaşdırmaq məcburiyyətində qalır. Həmin kart ona çox faydalar vermir və pulunu götürüb digər banka yatızdırır. Bunun özü də vətəndaşda diskomfort yaradır. Belə ki, pulunu oradan çıxardır, gətirib o biri banka yatırır. Və yaxud vətəndaşı bank xidmətləri almaqdan məhrum edir, pulunu nağdlaşdırır. Kartdan elə nağdlaşdırma vasitəsi kimi istifadə edir. Amma başqa bir bankdan kart alıb ki, onun alqı-satqıda, ödənişlərdə müəyyən üstünlükləri var, vəsaitin qalığına faiz verir və s. Yəni bu, vətəndaşın istədiyi bankdan pul almasına imkan verəcək. Bank kartını özü rahat formada tətbiqdən seçə biləcək. Vətəndaşın hüquqlarının genişləndirilməsi və təmin edilməsi baxımından yaxşıdır".
Bunun rəqabətə nə cür təsir edəcəyinə gəlincə, iqtisadçı qeyd edib ki, indi insanların çoxunun əməkhaqqı kartları iri banklardadır: "Kartlar orada olduğuna görə vəsaitlər oraya gəlir və avtomatik olaraq həmin banklar üstünlüyə malik olurlar. Vəsaitlər həmin banklarda qalır və yaxud həmin banklar xidmət göstərdiklərinə görə qazanc əldə edirlər. Mərkəzi Bank bunu bank sektorunda rəqabəti, bərabər imkanları formalaşdırmaq baxımından edir. Yəni, iş yerləri, dövlət strukturları, özəl sektor gedib iri banklarda əməkhaqqı kartlarını götürüblər. Yaxud da banklardan kredit götürəndə deyirlər əməkhaqqı kartlarını mənə gətir, kart xidmətini mən göstərim və s. Bu ona gətirib çıxarır ki, böyük banklar davamlı olaraq kiçik və orta banklardan üstün vəziyyətdə olurlar, rəqabət onların xeyrinə dəyişmiş olur. Burada əsas resurslardan biri əməkhaqqı kartlarıdır. Mərkəzi Bank bu addımı atmaqla düşünür ki, kiçik və orta banklar da əməkhaqqı kartlarını genişləndirə biləcəklər, resursların cəlbi yaxşılaşacaq".