1xeber.media xəbər verir ki, Almaniyanın üç aparıcı avtomobil istehsalçısı — Audi, BMW və Mercedes-Benz 2026-cı ilin ilk yarısının maliyyə və əməliyyat nəticələrini açıqlayıb.
Məlum olub ki, “Almaniyanın böyük üçlüyü” əsas göstəricilərin əksəriyyəti üzrə ciddi geriləmə ilə üzləşib. Şirkətlər mənfi dinamikanın əsas səbəbləri kimi Çində avtomobillərə tələbatın azalmasını və ABŞ tərəfindən tətbiq edilən idxal rüsumlarını göstəriblər.
Audi altı ay ərzində 727 200 avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azdır. Avropadakı satış artımı bu geriləməni qismən kompensasiya edib. Belə ki, Avropada satışlar 345 200-dən 363 500 avtomobilə yüksəlib.
Bununla yanaşı, Çində Audi satışları 287 600-dən 232 200 avtomobilə, ABŞ-da isə 98 700-dən 82 200 avtomobilə qədər azalıb.
Avropanın ayrı-ayrı ölkələrində satış dinamikası müsbət olub. Almaniyada artım 4 faiz, İspaniyada isə 21 faiz təşkil edib.
Şirkətin qlobal gəliri isə 32,6 milyard avrodan 29,2 milyard avroya düşüb. Vergilərdən sonra xalis mənfəət də 1,35 milyard avrodan 1,12 milyard avroya enib.
Qeyd edək ki, Almaniyanın avtomobil sənayesindəki bu geriləmə əsasən Çin bazarında rəqabətin güclənməsi və beynəlxalq ticarət məhdudiyyətləri ilə əlaqələndirilir.