Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin
formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi,
ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi-siyasi dövrlərdə millətin
varlığını sürdürməsi üçün əsas vasitədir. Azərbaycan dili də Azərbaycan xalqının milli
sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi
gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın
ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin, Azərbaycan dilinin yaxın keçmişdə ciddi
sınaqlarla üzləşdiyini də unutmaq olmaz.
Sovet imperiyasının tərkibində olan müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox
etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus
dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar
vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi.
1977-ci ilin dekabrında SSRİ Konstitusiyasının qəbulundan sonra müttəfiq
respublikaların Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Digər müttəfıq
respublikalarda olduğu kimi, Azərbaycan SSR-in Konstitusiya layihəsində də dövlət dili ədalətli
əksini tapmamışdı, yəni Azərbaycan dilinin hansı status daşıması ilə bağlı məsələ açıq qalırdı.
1978-ci ilin yazında respublikada layihənin ümumxalq müzakirəsi keçirilsə də, kommunist
ideologiyasının hakim olduğu bir vaxtda bu müzakirələr, əsasən, formal xarakter daşıyırdı.
Xalqımız üçün taleyüklü bu məsələnin həllində də Heydər Əliyev cəsarəti, Heydər Əliyev
qətiyyəti öz sözünü dedi – Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət statusu aldı.
1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Heydər Əliyev əvvəllər olduğu kimi,
Azərbaycan dilinin dövlət səviyyəsində geniş tətbiqi və inkişaf etdirilməsi məsələsınə xüsusı
önəm verərək bu sahədə bir sıra mühüm tədbirlər həyata keçirdi. 1995-ci ildə Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı
müxtəlif təkliflər olsa da, müzakirələrin məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının
dövlət dilinin Azərbaycan dili olması ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
Konstitusiyanın 21-ci maddəsində öz əksini tapdı.
Ana dilinin inkişafina xüsusi diqqət yetirən Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun
18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılmasını da nəzərdə tutan bu
fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı.
Ümummilli liderimiz 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün
təsis edilməsi haqqında” Fərmanına uyğun hər il avqust ayının 1-i Azərbaycan
Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi,
siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil
edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici yer tuturdu. Ümummilli liderimiz
böyük qürur hissi ilə deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi