1xeber.media xəbər verir ki, Taylandın Baş naziri Anutin Çanvirakun Pattaya şəhərində qətlə yetirilən Rusiya vətəndaşları – bacı-qardaş Roman və Diana Nazimovların ölümü ilə bağlı üzrxahlıq edib.
Baş nazir hadisə yerinə gələrək cinayətin baş verdiyi əraziyə baş çəkib, həmçinin qətldə şübhəli bilinən Ponq və Thonqun saxlanıldığı polis bölməsini ziyarət edib.
“Baş verənlərə görə üzr istəyirik. Taylandda belə hadisələrin bir daha təkrarlanmasına imkan verilməyəcək”, – deyə Anutin Çanvirakun bildirib.
Xatırladaq ki, avqustun 1-də Taylandda yerli sakinlərin iki Rusiya vətəndaşı – Roman və Diana Nazimovlar, eləcə də üç nəfərlik tay ailəsinin qətlində şübhəli bilinən şəxslərin edam edilməsini tələb etdikləri barədə məlumat yayılmışdı.
Qeyd edək ki, təxminən beş il əvvəl Rusiyadan Taylanda köçən Nazimov bacı-qardaşının itkin düşməsi barədə ilk məlumat iyulun 26-da yayılmışdı. Daha sonra onların oğurlanmasında şübhəli bilinən şəxslər qətli törətdiklərini etiraf ediblər.