Вернуться назад Распечатать

Sankt-Peterburq və Leninqrad vilayətində çimərlik mövsümündə 35 nəfər suda boğulub

1xeber.media xəbər verir ki, çimərlik mövsümünün əvvəlindən bəri Sankt-Peterburq və Leninqrad vilayətində ümumilikdə 35 nəfər suda boğularaq həyatını itirib.

Məlumata görə, Sankt-Peterburqda 14 nəfər, o cümlədən 3 uşaq suda boğulub. Faciə halları Finlandiya körfəzində, Böyük Neva, Monastırka, Pryajka və Oxta çaylarında, eləcə də göl və süni su hövzələrində qeydə alınıb.

Leninqrad vilayətində isə 21 nəfər, o cümlədən 1 uşaq həyatını itirib. Regional Fövqəladə Hallar İdarəsi bildirib ki, bu mövsüm SUP lövhələri ilə gəzinti zamanı baş verən faciələrin sayı artıb. Belə ki, Lomonosov rayonunda Finlandiya körfəzində xilasedici jilet geyinmədən SUP lövhəsi ilə gəzintiyə çıxan iki qadın pis hava şəraitində boğulub.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, ölüm hallarının əsas səbəbi xilasedicilərin olmadığı və dibi yoxlanılmamış qadağan olunmuş ərazilərdə çimməkdir. Uşaqların boğulması isə əsasən valideyn nəzarətinin zəif olması ilə əlaqələndirilir.

Qeyd edək ki, hazırda Sankt-Peterburq və Leninqrad vilayətində rəsmi şəkildə çimməyə icazə verilən məkanların sayı hələ də məhduddur.