Вернуться назад Распечатать

Prezident İlham Əliyevin Qırğızıstana səfəri: Azərbaycan strateji körpü rolunu gücləndirir

 

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfərin diqqət çəkən ilk məqamlarından biri “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması oldu. Bu müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Sənədin əsas fəlsəfəsi dövlətlərin bərabərliyi, bir-birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, həmçinin qarşılıqlı maraqların nəzərə alınması prinsipləridir.  Səfər çərçivəsində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında səsləndirilən fikirlər isə iki ölkənin bir-birinə nə qədər yaxın olduğunu bir daha təsdiqlədi. Belə ki, Qırğızıstan Prezidenti Sadır Japarov dahi Nizami Gəncəvidən sitat gətirdi, Qırğızıstanın və Azərbaycanın bir-birinin timsalında etibarlı dost qazandığını bildirdi.

Prezident İlham Əliyev öz növbəsində Qarabağın bərpasına göstərilən köməyə görə Qırğızıstana təşəkkür edərək dedi: “Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır”.

Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması tarixi hadisədir Prezidentlərin təltif olunması mərasimi zamanı Qırğızıstanın dövlət başçısı Sadır Japarovun söylədiyi “Müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub” fikirləri Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qazandığı nailiyyətlərə verilən ən düzgün və yüksək qiymət idi. Dövlətimizin başçısına təqdim olunan Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni isə Prezident İlham Əliyevin ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə sadiqliyinin Qırğız xalqı tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsi oldu. Dövlət başçıları mətbuata bəyanatlarında da mühüm mesajlar verdilər. Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcəklərini vurğulayaraq dedi: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”. Prezident Sadır Japarov öz növbəsində Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasını tarixi hadisə və Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələ olduğunu bəyan edərək vurğuladı: “Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir”.

Səsləndirilən fikirlər ölkələrimizin həm qardaş xalqlar və dövlətlər, həmçinin artıq müttəfiqlik münasibətlərinə malik ölkələr kimi bir-birinə nə qədər yaxın olduğunu, bir-birini necə dəstəklədiyini deməyə əsas verir.

Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi Dövlət səfərinin ən diqqətçəkən məqamı isə heç şübhəsiz, Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü və tədbirin yekunlarına dair imzalanan Bəyannamə oldu. Ümumilikdə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı regional əməkdaşlıq formatının yeni məzmun qazanmasını, Xəzər hövzəsində və Orta Dəhliz boyunca siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsini şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. Dövlətimizin başçısının tədbirdə çıxışı zamanı söylədiyi kimi: “Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. ... bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.   Azərbaycanın bu platformada oynadığı mühüm və vacib rolu tədbirdə çıxış edən dövlət başçılarının ölkəmizlə bağlı səsləndirdiyi fikirlərdən daha aydın görmək olur. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı dedi: “Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması bizim formatın müsbət inkişafında yeni mərhələnin rəmzidir”. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın məşvərət görüşləri formatına qoşulmasının tarixi imkanlar açdığını bildirərək qeyd etdi: “Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşləri formatına qoşulması qarşılıqlı fəaliyyətimizi keyfiyyətcə yeni makroregional səviyyəyə yüksəldir”. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının növbəti Məşvərət görüşünün Türkmənistanın Avaza milli turizm zonasında keçiriləcəyini deyən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov vurğuladı: “Əminəm ki, dövlətlərarası münasibətlərin yeni altıtərəfli mexanizmi xalqlarımızın və ölkələrimizin daha da yaxınlaşmasına, qardaşlıq bağlarının möhkəmlənməsinə kömək edəcək, artan birgə potensialdan istifadə etməklə əməkdaşlığa geniş dinamika və perspektiv əlavə edəcək”.

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ Tədbirdə imzalanan Çolpon-Ata Bəyannaməsi özündə bir sıra mühüm məqamları - suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqliyi, regional əməkdaşlığın xalqların fundamental maraqlarına cavab verməsi, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi təqdir olunması, dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsi barədə iradənin ifadə edilməsi, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi , humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi kimi məsələləri əks etdirməklə, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi sənəd olmaqla yanaşı, gələcək əməkdaşlığın strateji istiqamətlərini də müəyyənləşdirir. Beləliklə, Prezident İlham Əliyevin Çolpon-Ata görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu növbəti dəfə təsdiqləyir.