1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bazar ertəsi, avqustun 3-nə keçən gecə ölkə ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 131 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Nazirliyin açıqlamasına əsasən, hücumlar avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 07:00-dək təyyarə tipli dronlardan istifadə edilməklə həyata keçirilib.
Məlumata görə, hücumlar Rusiyanın 11 regionunu əhatə edib. Dronların Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Smolensk və Tula vilayətləri, həmçinin Krasnodar diyarı və Krım Respublikası üzərində vurulduğu bildirilib. Bundan əlavə, Ukrayna PUA-larının Qara dəniz akvatoriyası üzərində də məhv edildiyi qeyd olunub.
Hadisə nəticəsində ölən, yaralanan və ya yerüstü dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl Rusiya tərəfi avqustun 1-dən 2-dək Belqorod vilayəti üzərində 54 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlamışdı. Region hakimiyyətinin məlumatına görə, vurulan dronlar arasında "Qor", "Qalka", "Domaxa", "Sokol" və Fly-Eye tipli kəşfiyyat PUA-ları da olub.
Qeyd edək ki, hərbi əməliyyatlarla bağlı tərəflərin açıqladığı məlumatları müstəqil mənbələr vasitəsilə operativ şəkildə təsdiqləmək hər zaman mümkün olmur.