“İnsanların, vətəndaşların bir ölkədən digərinə köçməsi, orada çalışması, təhsil alması, yaxud ümumiyyətlə yaşamaq qərarı verməsi ümumdünya tendensiyasıdır. Artıq ortada real tədqiqatlar mövcuddur ki, xüsusilə inkişaf etmiş ölkələrdən digər ölkələrə də belə miqrasiya axınları baş verir”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucun 1xeber.media-ya açıqlmasında deyib.
O bildirib ki, azərbaycanlıların xüsusilə Avropa məkanında yaşaması, çalışması ötən yüzillərin mühüm tendensiyalarından biridir:
“Lakin bu, öz-özlüyündə ana vətəndən, doğma torpaqdan, milli dövlətdən heç zaman qopmayan bir millət xarakterinin də formalaşması deməkdir. Çox azsaylı və əsasən Almaniya, İsveçrə, Fransa və digər ölkələrdə qərarlaşan, xüsusi himayə altında olan, iki-üç qat mühafizə ilə təmin edilən və məhz kəşfiyyat orqanlarının cənginə keçən, Azərbaycanın, ideallarının aşağılanması, hakimiyyətin linç edilməsi, iqtidarda təmsil olunan hər bir şəxsin, məmurun, yaxud bütün digər hakimiyyət institutlarının fəaliyyətinin, daimi təhqir edilməsi və bu ittihamlar fonunda, xüsusilə də Şərq mədəniyyətinin əsas atributları olan ailə dəyərlərinin, mənəvi prinsiplərin, şəxsin ləyaqətinin, şərəfinin və s. aşağılanması hesabına həm bir tərəfdən çox böyük maddi gəlir əldə edən, digər tərəfdən isə bunu artıq ciddi siyasi fəaliyyətə çevirən bloqer, guya hansısa YouTube kanallarında qərarlaşan qüvvələr var. Biz onların adlarını düzgün ifadə etməliyik”.
O qeyd edib ki, bu, əsla media fəaliyyəti deyil:
“Çünki öz-özlüyündə kütləvi informasiya vasitələri sahəsində çalışmaq, hətta vətəndaş jurnalistikası sferasında mövqe əldə etmək üçün mühüm meyar var. Bu, öz-özlüyündə qanunvericiliyin tələblərinin qorunmasıdır. Dünyanın əksər ölkələrində, xüsusilə də Avropa İttifaqı məkanında da belədir. Lakin sözügedən şəxslərin “Azad Söz” kanalı, “Osmanqızı TV”, o cümlədən dilə gətirilməyəcək və özləri də mağara təfəkküründə olan qüvvələrin başlıca olaraq daha aşağı səviyyəli və auditoriyanı daimi olaraq, təhqir prinsipləri ilə, gerçək hüquqdan, qanun aliliyindən, dəyərlərdən uzaq olan mövqelərlə təchiz edən, bununla ayaqda qalan və həmin o himayədarlarına xidmət göstərən qüvvələr var. Onların daxili siyasətdə iştirakı yalnız informasiya səviyyəsində hansısa qeyd olunan hibrid savaşların və yaxud da gündəlik rejimdə hücumların baş verməsi ilə müəyyənləşmir. Onlar dəfələrlə müxtəlif çağırışlar etməyə çalışırlar. Ələlxüsus, hakimiyyət təmsilçilərinə qəsdlərin edilməsi, müxtəlif antikonstitusion çağırışlar, ümumiyyətlə, siyasi hakimiyyətin zorla devrilməsi, silahlı çevrilişlər, o cümlədən Azərbaycanın müxtəlif atributlarının və yaxud istər əvvəlki, istərsə də indiki dövlət rəhbərliyinə qarşı çamur atılması istiqamətində çoxşaxəli fəaliyyətlər özünü göstərməkdədir.
Ona görə də biz bunları daim bir adla çağırmalıyıq”.
Onun sözlərinə görə, dünyada artıq bununla bağlı gerçək nümunələr formalaşıb:
“O da məhz “terror mediası”dır. Bu istilah, bu ifadə bizim yanaşmamız deyil. Həqiqətən də beynəlxalq prinsiplərin, beynəlxalq qanunvericilik sistemində belə prinsiplərin yer aldığını biz müşahidə etməkdəyik. Avropa İttifaqı 500 milyona yaxın, ümumilikdə yuvarlaq ifadə etsək, əhalinin informasiya təhlükəsizliyini qorumaq üçün onlarla direktiv, akt və xüsusi qanunvericilik normaları qəbul edib. Hamısının məramı öz məkanını, insanlarını, dövlətini, cəmiyyətini qorumaqdır. Məsələn, “Russia Today”ə qarşı onlar çox ciddi yasaqlayıcı tədbirlər həyata keçiriblər. O üzdən biz birinci növbədə Azərbaycan Baş Prokurorluğu tərəfindən qaldırılan cinayət işlərinin bir daha faktoloji bazasına qayıtmalıyıq. Orada sözügedən şəxslərin fəaliyyətlərinin, cinayət qanunvericiliyinin bir çox müddəalarının pozulması ilə müşayiət olunduğunu görə bilərik və bunlara mütləq əməl olunmalıdır. Azərbaycan dövləti qətiyyən fəaliyyət azadlığına qarşı çıxmır. Ancaq öz-özlüyündə, yəni doğrudan bilavasitə qanunsuzluğu, qəddarlığı, cinayəti, qəsdi, terroru təbliğ edən qüvvələr bloqer, mühacir və s. sayıla bilməzlər”.
O bildirib ki, bu gün Azərbaycan idealları, xüsusilə də Qərb məkanında yaşayan on minlərlə bizim vətəndaşlarımızın, yaxud ikinci-üçüncü nəsil azərbaycanlıların, soydaşlarımızın vahid vətənidir:
“Biz qələbəyə nail olmuşuq. Ali Baş Komandanın sərkərdəliyi və liderliyi ilə çoxəsrlik tariximizdə belə qürurlu salnamə və dövr olmayıb. Belə olan təqdirdə xarici məkanda yaşayan, o ölkələrdə çalışan qüvvələr ictimai-siyasi aktivliklərini təmin etməyə çalışdıqda maksimum dərəcədə ona hədəflənməlidirlər ki, qələbəmizi necə möhkəmləndirək, ona hansı formalarda töhfə verək, dövlətimizin güclənməsində necə iştirak edək. Öz fəaliyyət sahələrində bu prosesə töhfə vermək olmalıdır. Həmin ölkələrdə yaşayan azərbaycanlıların müxtəlif zamanlarda, bəzən həkimin, yaxud informasiya texnologiyaları sferasındakı insanlarımızın – hansı ki, Birləşmiş Ştatlardan ta ən ucqar, yəni Asiya ölkəsinə qədər orada görürsünüz ki, parlaq öz imzasını yaradan, formalaşdıran azərbaycanlıların adları bizim informasiya dövriyyəmizə çıxır – bu, öz-özlüyündə həmin Tural Sadıqlıları və onun kimi daha artıq dərəcədə məhz agentura mərkəzlərinin əsas tezisləri, şifrəli mesajları, qara dosyaları əsasında fəaliyyət aparanlara nümunədir. Tənqidin olmasından heç kim narahat deyil və tam əksinə, bu, istənilən sağlam cəmiyyətin inkişafında mühüm amildir. Ancaq maksimum dərəcədə Azərbaycan informasiya məkanına linçi, qarayaxmaları, böhtanı, killer təfəkkürünü və ya kirli baxışları yayanlar – bunlar casus şəbəkələridirlər. Onların pasportlarında adların azərbaycanlı səslənməsi kimisə çaşdırmasın. Bunlar özünüqəsd proqramında vaxtilə torpaqlarımızın işğalında iştirak edən qüvvələrlə eyni məramdadırlar, sadəcə onlar virtual məkanda qərarlaşıblar, o səngərdə yer alıblar və düşmənə də xidmət edirlər. O üzdən Azərbaycan dövlətini, qələbəsini, zəfərimizi, azad torpaqları, Böyük Qayıdışı sevən, onu müdafiə edən yüz minlərlə bizim soydaşlarımız da, azərbaycanlılar da, vətəndaşlarımız da xarici məkanda hansı səbəbdən olursa-olsun, daha artıq dərəcədə bu dövlətin, onun müstəqilliyinin keşiyində olmalıdırlar, bütövlüyünə töhfə verməlidirlər. Əminəm ki, bu çağırış elə onların da ürəyindəndir”.
Aysel