Bəzi xaricdə yaşayan azərbaycanlılar ölkəmizi təhqir edərək dövlətə inamsızlıq yaratmağa çalışırlar – Deputat
“Xaricdə yaşayan azərbaycanlılar iki qrupa bölünürlər. Birincisi, Azərbaycan vətəndaşı olub xaricdə yaşayan şəxslərdir. İkincisi isə artıq xarici ölkənin vətəndaşlığını qəbul etmiş azərbaycanlılardır. Birinci qrupa aid olan şəxslərin Azərbaycanın daxili siyasi məsələləri ilə bağlı fikir bildirməsi normal haldır. Onlar xaricdə yaşasalar da, diaspora sayılmırlar, çünki Azərbaycan vətəndaşıdırlar. Əlbəttə, arzulanandır ki, onlar öz fikirlərini qanun, ədəb və azərbaycançılıq çərçivəsində ifadə etsinlər. Belə insanların sayı çoxdur. Bu günlərdə Şuşada xaricdə yaşayan Azərbaycan diaspora gənclərinin tədbirləri keçirilir və biz görürük ki, xaricdə Azərbaycana bağlı olan çoxsaylı gənclərimiz var. Onlar əksəriyyət təşkil edirlər”.
Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, digər qrup isə artıq xarici ölkə vətəndaşlığını qəbul etmiş şəxslərdir:
“Onların Azərbaycan xalqı ilə bağlı fikir bildirməsi normaldır. Ancaq Azərbaycanın daxili siyasi məsələləri ilə bağlı mövqe bildirməsi artıq başqa prizmadan qiymətləndirilir. Bu, xarici ölkə vətəndaşının Azərbaycanın daxili işlərinə münasibət bildirməsi kimi qəbul olunur. Əlbəttə, xaricdə yaşayan, kökü bu xalqdan, bu torpaqdan olan insanların Azərbaycanla sıx əlaqə saxlaması arzulanandır. Hər bir dövlət xaricdəki diasporunun öz vətəni ilə bağlı olmasında maraqlıdır və bunu dəstəkləyir. Xarici səfərlər zamanı orada yaşayan azərbaycanlıların Azərbaycanın uğurlarına sevindiklərinin, torpaqlarımızın azad olunmasını və ölkəmizin inkişafını müsbət qiymətləndirdiklərinin şahidi olmuşam. Bununla yanaşı, Azərbaycandan köçmüş elə insanlar da var ki, onlar bloger statusundan istifadə edərək Azərbaycan haqqında təhqiramiz, küçə ifadələri ilə fikirlər səsləndirirlər. Təəssüf ki, bu da sosial şəbəkələrin bir hissəsinə çevrilib. Belə görünür ki, onlar ölkədə olarkən də öz dost və tanışları arasında bu cür tanınıblar”.
O bildirib ki, onların əsas fəaliyyəti Azərbaycanı təhqir etmək, qeyri-obyektiv fikirlər səsləndirmək və xarici ölkələri Azərbaycana təzyiq göstərməyə çağırmaqdan ibarətdir:
“Bu zaman sual yaranır ki, onlar xaricdə hansı maliyyə vəsaitləri hesabına yaşayırlar? Evlərinin kirayəsini kim ödəyir, gündəlik xərclərini kim qarşılayır? Onlar bu fəaliyyətdən başqa hər hansı işlə məşğuldurlarmı? Maraqlıdır ki, onların səsləndirdiyi tezislərlə xaricdəki aqressiv erməni diaspora dairələrinin fikirləri üst-üstə düşür. Sanki bu tezislər eyni mənbədən qaynaqlanır. Güman etmək olar ki, bu, həqiqətən də belədir. Vaxtilə Azərbaycan iqtidarının bir kəndi belə geri ala bilməyəcəyini, Azərbaycan Ordusunun heç vaxt torpaqları işğaldan azad edə bilməyəcəyini söyləyənlər bu gün nədənsə Azərbaycanın bütün ərazisində dövlət bayrağının dalğalandığını görmək istəmirlər. Onlar Ermənistanın işğal etdiyi ərazilərin azad edildiyini və Azərbaycan dövlətinin həmin ərazilərdə hər şeyi sıfırdan bərpa etməyə başladığını da görmək istəmirlər. Eyni zamanda, Azərbaycanın aqressiv Ermənistanı bu gün Azərbaycanla normal münasibətlər qurmağa çalışan bir ölkəyə çevrilməyə məcbur etməsini də görməzdən gəlirlər. Onların əsas məqsədi Azərbaycan vətəndaşında dövlətinə qarşı inamsızlıq yaratmaqdır. Lakin bu, nə bu gün alınır, nə də gələcəkdə alınacaq. Çünki Azərbaycan vətəndaşı öz gördüyü reallığa əsaslanaraq düşünür. Bu reallıq təhlükəsiz ölkə, davamlı inkişaf, beynəlxalq nüfuz, kriminal vəziyyətin aşağı səviyyədə olması və dövlətin öz vətəndaşını düşünməsi ilə bağlıdır. Bunu Azərbaycan vətəndaşları, xaricdə yaşayan və Azərbaycanın uğurlarına sevinən soydaşlarımız, eləcə də artıq xarici ölkə vətəndaşı olmuş diaspora nümayəndələri də ifadə edirlər.
Bu gün antiAzərbaycan mövqeyindən çıxış edən blogerlərin səsləndirdiyi fikirlər heç vaxt Azərbaycan vətəndaşları tərəfindən qəbul edilə bilməz”.
Aysel