"Ulu öndər Heydər Əliyevin dövründə xaricdə yaşayanlarla bağlı çox geniş, aktiv iş həyata keçirilirdi və Azərbaycan dövləti şəxsən diaspor təşkilatlarının güclənməsində bilavasitə maraqlı idi. Xarici siyasət xəttinin bir hissəsini onlarla münasibətə həsr eləmişdi və həmişə diaspor nümayəndələri yaşadıqları ölkələrin ictimai-siyasi həyatında həlledici rola malik idilər, onu oynayırdılar. Dövlət də bunu stimullaşdırırdı, motivasiya edirdi. Amma biz indiki vəziyyətdə, açığı, eyni prosesin getdiyini çox da hiss etmirik. Ola bilər ki, müvafiq qurumlar prosesi yüksək səviyyədə həyata keçirirlər, amma bunun cəmiyyətə təqdimatı yoxdur. Bununla bağlı, söhbətin açığı, suallar açıq qalır”.
Bunu tanınmış siyasi şərhçi Əziz Əlibəyli 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı fundamental fəaliyyət irsi var:
“Xüsusilə də Vətən müharibəsi Azərbaycan xarici siyasətində yeni bir dönəmi, yeni bir mərhələni başlatdı və bu prosesdə xaricdə yaşayan azərbaycanlıların, diasporun üzərinə lobbi fəaliyyəti baxımından çox ciddi məsuliyyət düşür. Amma həmin şəxslərlə iş hansı formada həyata keçirilir, bu, bir az açıq qalır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə indi daha çox azərbaycanlı xaricə gedir. Demək ki, onlarla böyük ölçüdə iki istiqamətdə iş aparılmalıdır. Çünki bir sfera təhsil məqsədilə gedənlərdirsə, digər sfera maddi, iqtisadi rifah naminə gedənlərdir və onların daha yaxşı həyat axtarmaq istiqamətindəki yanaşmaları mümkündür ki, dövlətlə, daha doğrusu, hökumətlə, icra aparatı ilə bağlı müəyyən narazılıqlara gətirib çıxarsın”.
O qeyd edib ki, həmin şəxslərlə bağlı xüsusi işlər görülməlidir:
“Onların içərisində xüsusi xidmət orqanları ilə, xarici xidmət orqanları ilə əməkdaşlığa cəlb olunanlar var. Yetər ki, əks tərəf onlardan təhqiramiz formalarda istifadə etsin, toxunulmaz hesab olunan, hətta Konstitusiyaya görə toxunulmaz statusa malik şəxslərə qarşı çıxış etdirsin. Onları manipulyasiya edərək guya toxunulmaz olmadıqlarını göstərməyə çalışsın. Yəni bu qeyri-standart, qeyri-düzgün yanaşma onların, təəssüf ki, fəallaşmasına gətirib çıxarır. Dövlət olaraq bu prosedurları həyata keçirmək olar, amma ciddi ideoloji addımlar atılmalıdır".
Aysel