1xeber.media xəbər verir ki, minval.az saytı əvvəlki məqaləsində Böyük Britaniya və Azərbaycan vətəndaşı olan 44 yaşlı Rəşad Sultanovun Kiprdə Böyük Britaniyanın Akrotiri hərbi bazasına qanunsuz daxil olmaq və kəşfiyyat məlumatlarını İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ötürmək ittihamı ilə həbs edilməsindən bəhs etmişdi. Bu hadisə Böyük Britaniyanın Milli Təhlükəsizlik Qanununun ilk dəfə ölkə hüdudlarından kənarda tətbiq olunması kimi qiymətləndirilir.
Həmin materialda Almaniyada fəaliyyət göstərən, vaxtilə Azərbaycanda zərərsizləşdirilmiş və İranla əlaqələndirilən dini şəbəkənin nümayəndələrinin fəaliyyəti də diqqətə çatdırılmışdı. Özlərini “siyasi mühacir” kimi təqdim edən bu şəxslər Almaniyanın Xarici İşlər Nazirliyində görüşlər keçirir, rəsmi Azərbaycan nümayəndə heyətlərini izləyir və dini etiqad azadlığının pozulması ilə bağlı görüntü yaratmağa çalışırlar.
BBC-nin son araşdırması isə göstərir ki, İran artıq Avropada proksi şəbəkələrdən istifadə modelini tam şəkildə formalaşdırıb.
Araşdırmaya əsasən, İran rejimi ilə əlaqələndirilən İsveçin Foxtrot Network cinayət təşkilatı Avropanın müxtəlif ölkələrində yeniyetmələri sifarişli qətllərə və terror xarakterli hücumlara cəlb edir. 2022-ci ildən bu şəbəkənin onlarla qətldə iştirak etdiyi, İsrail obyektlərinə qarşı hücumlar təşkil etdiyi bildirilir.
Şəbəkənin rəhbəri “Kürd tülküsü” ləqəbli Rava Məcid hazırda Tehrandadır. İsveçli araşdırmaçı jurnalist Diamant Salihunun məlumatına görə, Məcid İrana qaçdıqdan sonra rejimlə razılığa gəlib. Ona təhlükəsizlik və sığınacaq verilməsi müqabilində rəhbərlik etdiyi kriminal şəbəkə İranın maraqları naminə fəaliyyət göstərməyə başlayıb.
Avropol bu modeli “Violence-as-a-Service” (Xidmət kimi zorakılıq) adlandırır. Yeniyetmələr sosial şəbəkələr vasitəsilə cəlb olunur, onlara tapşırıqlar kompüter oyunlarını xatırladan üsullarla çatdırılır.
Bu gün Almaniya, Böyük Britaniya, İsveç, Fransa, Niderland və digər ölkələri birləşdirən xüsusi əməliyyat qrupu məhz bu təhlükə ilə mübarizə aparır.
Azərbaycanın xəbərdarlığı
İndi isə Avropada fəaliyyət göstərən bəzi azərbaycanlı “siyasi mühacirlər” məsələsinə qayıdaq.
Hazırda onların bir hissəsi ictimai rəy formalaşdırılması, Azərbaycana qarşı siyasi təzyiq göstərilməsi və Avropa institutlarında təsir imkanlarının genişləndirilməsi məqsədilə istifadə olunur. Bütün bunlar dini etiqad azadlığı və insan hüquqlarının müdafiəsi adı altında həyata keçirilir.
Lakin heç kim təminat verə bilməz ki, sabah həmin şəbəkələr daha təhlükəli məqsədlər üçün səfərbər edilməyəcək.
İran uzun illərdir eyni modeli tətbiq edir. Diaspor nümayəndələri arasından dini, siyasi və kriminal şəbəkələr formalaşdırılır. Bu gün onlar informasiya müharibəsində istifadə olunur, sabah isə başqa tapşırıqlar ala bilərlər.
Nardaran – Azərbaycanın acı təcrübəsi
Azərbaycan bu təhlükəni nəzəri yox, praktiki şəkildə yaşamış ölkələrdəndir.
Uzun illər Bakının cəmi 30 kilometrliyində yerləşən Nardaran qəsəbəsində dövlət tam nəzarətə malik deyildi. Burada İranın dini təsiri güclənmiş, radikal ideologiya yayılmışdı.
Qəsəbədə erkən nikahlar, qanunsuz dini təbliğat, dövlət institutlarının qəbul edilməməsi, qanunsuz silahların saxlanılması və radikal qrupların fəaliyyəti adi hala çevrilmişdi.
Nəticədə İranla əlaqələndirilən və xaricdən maliyyələşdirilən “Müsəlman Birliyi” hərəkatı formalaşdı. Hərəkatın rəhbəri Taleh Bağırzadə ətrafına radikal qüvvələri toplamağa başladı.
2015-ci ilin noyabrında keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərildi. Atışma nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla insanlar həlak oldu. Bundan sonra onlarla silahlı şəxs saxlanıldı, böyük həcmdə silah və sursat aşkar edildi.
Sonrakı illərdə Nardaranda genişmiqyaslı yenidənqurma işləri aparıldı, qanunsuz dini strukturlar ləğv edildi, radikal təbliğatın qarşısı alındı və dövlət nəzarəti tam bərpa olundu.
Avropa üçün dərs
Bu gün Avropa ölkələrinin qarşılaşdığı təhlükə Azərbaycanın illər əvvəl üzləşdiyi prosesləri xatırladır.
Foxtrot Network hadisəsi və Rəşad Sultanov işi göstərir ki, İran müxtəlif formalarda fəaliyyət göstərən proksi şəbəkələrdən istifadə etməyə davam edir. Onların bir hissəsi informasiya müharibəsində, digərləri isə zorakılıq və terror aktlarında iştirak edir.
Azərbaycan bu təhlükənin nəticələrini vaxtilə yaşayıb və lazımi tədbirlər görərək qarşısını ala bilib.
Avropa isə hələ də bəzi radikal qrupları “siyasi mühacir”, “müxalif” və ya “qaçqın” kimi qiymətləndirir. Lakin mövcud faktlar göstərir ki, belə yanaşma gələcəkdə daha ciddi təhlükəsizlik riskləri yarada bilər.
Azərbaycanın təcrübəsi göstərir ki, bu cür şəbəkələrə qarşı vaxtında və qətiyyətli tədbirlər görülmədikdə onların təsir imkanları daha da genişlənir. Buna görə də Avropa ölkələrinin bu təhlükəni yalnız siyasi deyil, həm də milli təhlükəsizlik məsələsi kimi qiymətləndirməsi zəruridir.