Вернуться назад Распечатать

Politoloq: Xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi mövqeyi etik çərçivədə olmalıdır

 “Xaricdə yaşayan insanlar öz ölkələri, eləcə də ölkələrinin ictimai-siyasi gündəmi haqqında sərbəst şəkildə fikir bildirə bilərlər. Eyni zamanda, baş verən proseslərə münasibətlərini də ifadə etmək hüququna malikdirlər. Onlar təkcə yaşadıqları ölkənin deyil, həm də öz vətənlərinin ictimai həyatına münasibət bildirmək hüququnu daşıyırlar. Sadəcə, bu məsələni düzgün qəbul etmək lazımdır. Xaricdə yaşayan vətəndaşlar, təbii ki, heç kimi təhqir etmədən öz fikirlərini ifadə etməlidirlər. Əgər öz ölkələrində baş verən ictimai-siyasi və iqtisadi hadisələr barədə fikir bildirmək istəyirlərsə, bunu normal və mədəni şəkildə etmələri təbii qarşılanmalıdır”.

Bu fikirləri politoloq Ramiyə Məmmədova 1xeber.media-ya açıqlamasında bildirib.

O qeyd edib ki,  onlar həm Azərbaycan vətəndaşıdır, həm də yaşadıqları ölkədə diasporun bir hissəsini təmsil edirlər:
“Hər kəs birbaşa diaspor təşkilatında fəaliyyət göstərməyə bilər. Ancaq xaricdə yaşayan hər bir vətəndaş müəyyən mənada öz ölkəsinin nümayəndəsidir. Buna görə də fikirlərini sərbəst ifadə edə bilərlər. Tənqid mümkündür və normaldır. Lakin təhqiramiz ifadələrin işlədilməsi yolverilməzdir. Çünki təhqir artıq etik sərhədlərin aşılması və insanlar arasında qarşılıqlı hörmətsizliyin göstəricisidir. Xaricdə yaşayan insanlar diaspor fəaliyyəti ilə məşğul olarkən də ictimai-siyasi məsələlərə dair tənqidi fikirlərini hər zaman ifadə ediblər və bu gün də edirlər. Təəssüf ki, həm Azərbaycanda, həm də xaricdə diaspor fəaliyyəti arzuolunan səviyyədə deyil. Bu sahədə fəaliyyət göstərən insanlar müxtəlif çətinliklərlə üzləşirlər”. 

Onun sözlərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsindən və digər aidiyyəti qurumlardan lazımi dəstəyi ala bilməyənlər var:
“Hətta bu sahədə normal fəaliyyət göstərən insanlar belə dəstək almaqda çətinlik çəkirlər. Buna görə də bu istiqamətdə müəyyən boşluqlar mövcuddur. Xaricdə yaşayan vətəndaşlar olaraq biz hələ də həmin boşluqların aradan qaldırıldığını görmürük. Digər ölkələrdə yaşayan insanların öz ölkələri haqqında fikir bildirməsi tamamilə normaldır. Hər bir vətəndaş həm öz ölkəsində baş verən proseslər, həm də yaşadığı ölkənin ictimai-siyasi həyatı barədə mövqeyini ifadə edə bilər. Çünki onlar həmin ölkənin rezidentləridir və cəmiyyətin bir hissəsi sayılırlar. Lakin burada da əsas prinsip odur ki, fikir ifadəsi təhqir və söyüş üzərində qurulmamalıdır”.

Aysel