Вернуться назад Распечатать

Azərbaycan–Qırğızıstan münasibətləri yeni mərhələyə yüksəlib

Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri Azərbaycanın Mərkəzi
Asiya istiqamətində həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasətinin növbəti mühüm
təzahürüdür. Bu səfər iki dost və qardaş ölkə arasında münasibətlərin daha da
möhkəmlənməsinə, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və regional əməkdaşlığın
yeni məzmun qazanmasına xidmət edir. Dövlət başçılarının iştirakı ilə Çolpon-Ata şəhərində
Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi münasibətlərin
artıq keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bir daha nümayiş etdirir.
Azərbaycan ilə Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər
birləşdirir. Müstəqillik illərində formalaşan dostluq münasibətləri son dövrlərdə Prezident İlham
Əliyev və Prezident Sadır Japarov arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq
sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Bakı ilə Bişkek yalnız ikitərəfli
münasibətləri inkişaf etdirmir, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq
maraqların müdafiəsi istiqamətində sıx əməkdaşlıq edir.
İki ölkə arasında əməkdaşlığın institusional əsasını təşkil edən Azərbaycan–Qırğızıstan
Dövlətlərarası Şura siyasi, iqtisadi, nəqliyyat, enerji, investisiya, kənd təsərrüfatı, rəqəmsal
inkişaf, təhsil və humanitar sahələr üzrə əməkdaşlığın əlaqələndirilməsində mühüm rol
oynayır. Şura çərçivəsində qəbul olunan qərarlar münasibətlərin sistemli inkişafına,
razılaşdırılmış layihələrin icrasına və qarşılıqlı fəaliyyətin daha da genişlənməsinə güclü təkan
verir.
Çolpon-Atada keçirilən Dövlətlərarası Şuranın 3-cü iclasında tərəflər iki ölkə arasında
artıq formalaşmış müttəfiqlik münasibətlərini yüksək qiymətləndirərək iqtisadi-ticari əlaqələrin
genişləndirilməsi, nəqliyyat-logistika marşrutlarının inkişafı, energetika, kənd təsərrüfatı,
sənaye kooperasiyası və humanitar əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin sürətlə inkişaf etməsi
ölkəmizin artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının
göstəricisidir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin bərpasında Qırğızıstanın göstərdiyi
dəstək, Qarabağda sosial infrastruktur layihələrinin həyata keçirilməsində iştirakı iki ölkə
arasındakı qardaşlığın konkret əməli ifadəsidir.
Orta Dəhlizin inkişafı, Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılması və Avropa ilə
Asiyanı birləşdirən nəqliyyat-kommunikasiya layihələri Azərbaycan və Qırğızıstan
əməkdaşlığına yeni iqtisadi məzmun qazandırır. Hər iki ölkə bu layihələrin reallaşdırılmasında
qarşılıqlı maraq nümayiş etdirir və regional iqtisadi inteqrasiyanın genişlənməsinə töhfə verir.
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində
Azərbaycan bu gün yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türk dünyasının aparıcı
dövlətlərindən biri kimi çıxış edir. Qırğızıstanla münasibətlərin dinamik inkişafı da məhz bu
siyasətin uğurlu nəticələrindən biridir. Qarşılıqlı etimada, strateji baxışa və ortaq maraqlara
əsaslanan Azərbaycan–Qırğızıstan əməkdaşlığı gələcəkdə daha böyük iqtisadi, siyasi və
humanitar nəticələr verəcək, Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə və regionda
sabitliklə rifahın güclənməsinə mühüm töhfə olacaq.
Heydər Yaqubov,
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru