Prezident İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri
Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.
İmzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında Müqavilə” iki qardaş ölkə arasında əməkdaşlığın hüquqi və siyasi
bazasını strateji tərəfdaşlıqdan daha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd
yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının siyasi inteqrasiyası
baxımından tarixi əhəmiyyət daşıyır.
Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı daxilində institusional inteqrasiyanı
gücləndirir, münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir. Çolpon-Atada imzalanan Müttəfiqlik
Müqaviləsi qarşılıqlı etimada, suverenliyə hörmətə, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji
və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığa əsaslanan yeni siyasi platforma
formalaşdırır.
Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər investisiya, energetika,
nəqliyyat, logistika, statistika, maliyyə bazarları və rəqəmsal təhlükəsizlik kimi mühüm sahələri
əhatə edir. Xüsusilə Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi
barədə İkinci Əlavə Saziş iki ölkə arasında birgə investisiya layihələrinin maliyyələşdirilməsi
baxımından çox əhəmiyyətlidir. Bu fond gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm
və istehsal sahələrində iri layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Qırğızıstanda imzalanan sənədlər arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma
sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi diqqət çəkir. Bu sənədlər Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yükdaşımaların daha da
genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Xəzər dənizinin qərb sahilində, Qırğızıstan isə
Mərkəzi Asiyanın mərkəzində yerləşərək Avropa ilə Asiya arasında mühüm tranzit mövqeyə
malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər
üzərindən həyata keçirilən multimodal daşımalar Qırğızıstan üçün Avropa bazarlarına çıxış
imkanlarını daha da artırır. Eyni zamanda, yükdaşımalar, logistika və rəqəmsal nəqliyyat
həlləri üzrə imzalanan memorandumlar Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə
töhfə verəcək.
Energetika sahəsində əməkdaşlığa dair memorandum və 2026–2028-ci illəri əhatə
edən Yol Xəritəsi neft məhsullarının tədarükü, enerji təhlükəsizliyi və gələcək yaşıl enerji
layihələri üçün hüquqi baza yaradır. Bununla yanaşı, kibertəhlükəsizlik, maliyyə bazarlarının
tənzimlənməsi və statistika sahəsində imzalanmış memorandumlar iqtisadi münasibətlərin
rəqəmsal transformasiyasına xidmət edən mühüm addımlar hesab olunur.
Səfər çərçivəsində Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında
qardaşlaşma haqqında memorandumların imzalanması münasibətlərin humanitar ölçüsünü
daha da gücləndirir. Bu təşəbbüs turizm, təhsil, mədəniyyət, gənclər siyasəti və yerli
idarəetmə sahələrində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Xüsusilə Şuşa və
Çolpon-Ata arasında əməkdaşlıq Türk dünyasının iki mühüm mədəniyyət mərkəzinin
əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Dövlət səfəri nəticəsində əldə olunan razılaşmalar yalnız iki ölkənin milli maraqlarına
xidmət etmir, eyni zamanda, Orta Dəhlizin inkişafı, regional ticarətin genişlənməsi, investisiya
axınının artırılması və Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşması istiqamətində
mühüm strateji töhfə verir. Azərbaycan–Qırğızıstan müttəfiqliyi bununla da Türk dünyasında
siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin əsas sütunlarından
birinə çevrilir.
Nərmin Zeynalova,
3 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri