Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Krımda yüksək vəzifəli rusiyalı məmura qarşı hazırlandığı iddia edilən terror aktı ilə bağlı yeni məlumatlar yayıb.
1xeber.media xəbər verir ki, RIA Novosti agentliyinin FSB-yə istinadən yaydığı məlumata görə, Ukrayna xüsusi xidmət orqanları ilə əlaqədə olmaqda şübhəli bilinən iki Rusiya vətəndaşı bu məqsədlə üç pilotsuz uçuş aparatı və bir partlayıcı qurğu hazırlayıb.
Bildirilir ki, saxlanılan şəxslər əldəqayırma partlayıcı maddələrin hazırlanması üzrə təlim keçdikdən sonra onlara terror aktına hazırlıq tapşırığı verilib. Axtarış zamanı hər birində 350 qram partlayıcı olan üç PUA və 800 qramlıq partlayıcı qurğu aşkar edilərək götürülüb.
FSB-nin məlumatına əsasən, şübhəlilər həmçinin Krımda yerləşən Rusiya hərbi bölmələri barədə məlumat toplayaraq Ukrayna tərəfinə ötürüb və yarımadadakı strateji əhəmiyyətli obyektlərə qarşı hücumlar planlaşdırıblar.
Məlumata görə, 1992 və 1999-cu il təvəllüdlü şəxslər Sevastopolda saxlanılıb. Onların Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdikləri iddia olunur. Məhkəmənin qərarı ilə barələrində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu məlumatlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlamasına əsaslanır və iddialarla bağlı Ukrayna tərəfinin mövqeyi təqdim olunmayıb.