Вернуться назад Распечатать

"İranın Avropadakı proksi şəbəkələri təhlükəsizlik üçün ciddi təhdid yaradır" – Sabiq deputat

“Zaman-zaman Avropada İranın müəyyən təsir dairələrinin fəaliyyəti haqqında araşdırma məlumatları ictimailəşdirilir. Avropanın bir sıra dairələri bunu təhlükəsizlik üçün ciddi çağırış hesab edir. Müəyyən bir qismi isə hesab edir ki, bu, bütövlükdə ölkə səviyyəsində çox da ciddi nəticələrə gətirib çıxaran cəhdlər deyil. Ümumiyyətlə isə bir çox mənbələrdən, ayrıca olaraq da BBC-nin araşdırmalarından görürük ki, İran Avropada özünün proksi qüvvələrindən geniş istifadə edərək konkret nəticələr əldə etmək istəyir”.
Bu sözləri 1xeber.mediya-ya açıqlamasında sabiq deputat, politoloq Elşad Mirbəşiroğlu bildirib.
O qeyd edib ki, həm də yeniyetmələrin ələ alınması və onların gələcəkdə Avropada təhlükəsizliyə təhdid yaradılması istiqamətində istifadə olunması üçün cəhdlər üzə çıxıb:
“Sözsüz ki, bu, Avropada təhlükəsizlik üçün ciddi təhdidlər yaradır və bu zaman əsasən Avropada İranın təsiri altında olan müəyyən dini mərkəzlərdən daha geniş istifadə olunur. Ümumiyyətlə, Avropadakı analitiklər hesab edirlər ki, uzun illər müşahidə olunan bu hal həm diaspor təşkilatları, həm də müəyyən dini şəbəkələr üzərindən çox fəal şəkildə istifadə edilməklə həyata keçirilir. Bu istiqamətdə Avropanın siyasi və idarəetmə dairələrinin daha aydın təsəvvürləri mövcuddur. Əgər biz Azərbaycanda vaxtilə baş verən hadisələrlə analogiya aparsaq, bəli, hardasa oxşarlıq əlamətləri tapmaq olar. Məsələn, Nardaran hadisələrini qeyd etmək yerinə düşərdi. Amma Azərbaycanda təhlükəsizlik tədbirləri olduqca yüksək səviyyədə həyata keçirilir və ölkənin milli təhlükəsizliyinə, dövlət təhlükəsizliyinə hər hansı təhdid hələ başlanğıc mərhələsində preventiv şəkildə aradan qaldırılır. Bu günlərdə təsadüfi deyil ki, Azərbaycan təhlükəsizlik adası adlandırılır”.

O deyib ki, ölkə Prezidentinin bütün istiqamətlərdə həyata keçirdiyi siyasət bir-birini çox dəqiq və üzvi şəkildə tamamlayır:
“Yəni həm təhlükəsizlik tədbirləri, həm ölkənin balanslı xarici siyasətinin həyata keçirilməsi, bu istiqamətdə atılan sistemli addımlar, həm də digər xarakterli tədbirlər sözsüz ki, Azərbaycan cəmiyyətinin dünyanın ən sabit və təhlükəsiz cəmiyyətlərindən birinə çevrilməsini təmin edib. Bu baxımdan, elə Nardaran hadisələri zamanı da dövlətimizin çevik, vaxtında atdığı addımlar, gördüyü tədbirlər sayəsində ölkə təhlükəsizliyinə yönəlmiş təhdidlər qısa zamanda aradan qaldırılmışdı. Cəmiyyətimizin sabitliyinin və təhlükəsizliyinin pozulmasına yönəldilmiş cəhdlər fiaskoya uğradılmışdı. Azərbaycanın hazırkı mərhələdə təhlükəsizlik sistemi öz səmərəliliyi və dayanıqlılığı ilə dünya səviyyəsində fərqlənən bir sistemdir. Bu da təbii ki, Azərbaycan cəmiyyəti üzvlərinin, Azərbaycan əhalisinin tam təhlükəsizlik şəraitində yaşamasına imkan verir”.

Aysel