Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1xeber.media-nın məlumatına görə, Naim Cahidzadə 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub. 1995-2006-ci illərdə Şahbuz rayon Kolanı kənd tam orta məktəbində orta təhsil alıb. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr təhsili, 2011-2014-cü illərdə eyni ixtisas üzrə magistratura təhsili alıb. 2016-2019-cu illərdə AMEA Naxçıvan bölməsinin dissertantı olub.
Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tyutor vəzifəsində işləyərək başlayıb. 2014-2018-ci illərdə "Naxçıvan" Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-2021-ci illərdə həmin universitetin İdarəetmə fakültəsində dekan vəzifəsində işləyib. 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 14 sentyabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, 21 fevral 2024-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.