Вернуться назад Распечатать

Rusiyalı deputat: “Ölkə hərbi rejimə uyğun fəaliyyətə keçməlidir”

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Moskva vilayətinə edilən PUA hücumundan sonra ölkənin təhlükəsizlik tədbirlərini gücləndirməsinin vacib olduğunu bildirib.

1xeber.media xəbər verir ki, deputat bu barədə Lenta.ru nəşrinə açıqlamasında danışıb.

Kolesnikin sözlərinə görə, mülki əhali arasında itkilərin qarşısını almaq üçün Rusiya daha sərt təhlükəsizlik və hərbi tədbirlər görməlidir. O, pilotsuz uçuş aparatlarının buraxıldığı istiqamətlərin müəyyənləşdirilməsinin və bu cür hücumların minimuma endirilməsi üçün əlavə resursların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Deputat hesab edir ki, son dövrlər bu tip hücumların artması fonunda yalnız cavab zərbələri ilə kifayətlənmək mümkün deyil. Onun fikrincə, hava hücumlarının qarşısının alınmasına cavabdeh olan qüvvələrin sayı artırılmalı və təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir.

Qeyd edək ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov daha əvvəl Çexov şəhərinə gecə saatlarında edilən hücum nəticəsində beş nəfərin öldüyünü, altı nəfərin isə yaralandığını açıqlamışdı.