Вернуться назад Распечатать

Almaniyada Ukrayna səfirinin Rusiya ilə bağlı açıqlaması narazılığa səbəb olub

Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeevin bir sıra alman partiyalarının Rusiya ilə əlaqələri barədə açıqlamasından sonra onun Almaniya Xarici İşlər Nazirliyinə çağırılması tələb olunub.

1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın “Sara Vaqenknext İttifaqı — Ağıl və Ədalət naminə” partiyasının xarici siyasət üzrə eksperti Sevim Dağdelen “X” sosial şəbəkəsində yazıb.

Dağdelen bildirib ki, Ukrayna səfiri Almaniyada insanların kimə səs verib-verməməli olduğunu diktə etməyə çalışır və bunu diplomatiya deyil, müdaxilə kimi qiymətləndirib. Onun sözlərinə görə, Almaniya hökuməti səfirin açıqlamalarından sonra onunla rəsmi görüş keçirməli idi.

Bu reaksiya Makeevin Almaniyada “hər səhər Moskvadan göstəriş alan sağ və sol marjinal partiyaların” olduğunu iddia etməsindən sonra verilib.

Ukrayna səfiri alman seçiciləri növbəti seçkilərdə müxalif “Almaniya üçün Alternativ” (AfD) partiyasına səs verməzdən əvvəl düşünməyə çağırıb. O, həmin partiyanı avtoritarizmə, ksenofobiyaya və hərbi cinayətlərə göz yummaqda ittiham edib.

Daha əvvəl alman siyasətçi Sara Vaqenknext də Makeevin Berlinə yönəltdiyi açıqlamalarla “bütün sərhədləri aşdığını” bildirib və səfirin üslubunu “ədəbsizlik” adlandırıb.