Вернуться назад Распечатать

S-400-lərin "rekord günü"

1xeber.media xəbər verir ki, Rusiyanın "Hərbi Fikir" («Военная мысль») jurnalında dərc olunan məqalədə iddia olunur ki, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin S-400 zenit-raket kompleksləri bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 10 MiQ-29 qırıcı təyyarəsini məhv edib.

“Xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla hərbi münaqişə şəraitində zenit-raket qoşunlarının manevr xüsusiyyətləri” adlı məqalənin həmmüəlliflərindən biri Rusiya Hərbi-Kosmik Qüvvələrinin zenit-raket qoşunlarının rəisi, general-mayor Aleksandr Romanenkovdur.

Məqalədə bildirilir ki, 2023-cü ildə S-400 “Triumf” zenit-raket komplekslərinin ilk üfüqdənkənar atışlarının nəticələri həqiqətən də “triumfal” olub.

“Bir gün ərzində Ukraynaya məxsus 10 MiQ-29 qırıcısı, bir həftə ərzində isə (təyyarələrin növləri dəqiqləşdirilmədən) ümumilikdə 24 təyyarə vurulub”, – deyə nəşrdə qeyd edilir.

1xeber.media-nın məlumatına görə, məqalədə həmçinin vurğulanır ki, Rusiya ordusunun S-400 zenit-raket komplekslərindən üfüqdənkənar atışlar üçün istifadə etdiyi taktika qarşı tərəf tərəfindən kifayət qədər ətraflı öyrənilib.

Qeyd edək ki, məqalədə yer alan məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.