1xeber.media xəbər verir ki, Qırğızıstan Özbəkistana məxsus iki yaşayış məntəqəsinin ölkəyə verilməsi nəticəsində ərazisini genişləndirib. Bu dəyişiklik iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi çərçivəsində həyata keçirilib.
Qırğızıstanın Kabar agentliyinin məlumatına görə, sərhədin demarkasiyası zamanı əvvəllər Özbəkistanın Fərqanə vilayətinə aid olan Çon-Qara və Taş-Töbə kəndləri Qırğızıstanın nəzarətinə verilib.
Məlumata əsasən, bu qərarın əsas səbəbi kəndlərin etnik tərkibidir. Hər iki yaşayış məntəqəsində əhalinin böyük hissəsini etnik qırğızlar təşkil edir.
1xeber.media-nın məlumatına görə, 2025-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev üç ölkənin ortaq sərhədi ilə bağlı saziş imzalayıblar.
Qeyd edək ki, 1991-ci ildən sonra Tacikistan, Qırğızıstan və Özbəkistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı uzun illər davam edən mübahisələr yaşanıb. Bu mübahisələr zaman-zaman üç ölkənin sərhəd bölgələrində silahlı toqquşmalarla nəticələnib.