Вернуться назад Распечатать

Almaniyada Ukrayna münaqişəsinin nizamlanmasının əsas şərti açıqlanıb

1xeber.media xəbər verir ki, Almaniyanın "Sahra Vagenknext İttifaqı – Ağıl və Ədalət naminə" partiyasının təsisçisi Sahra Vagenknext Ukrayna münaqişəsinin yalnız bütün tərəflərin, o cümlədən Rusiyanın təhlükəsizlik maraqları nəzərə alındığı halda həll oluna biləcəyini bildirib.

Ostdeutsche Allgemeine qəzetində dərc olunan məqaləsində siyasətçi qeyd edib ki, diplomatik həll yolları indiyədək olduğu kimi yalnız Ukraynanın mövqeyinə əsaslanmamalıdır.

Onun sözlərinə görə, münaqişənin yaranma səbəbləri, həmçinin Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı uzun müddətdir həllini tapmayan məsələlər də danışıqlarda nəzərə alınmalıdır.

Vagenknext hesab edir ki, 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qəbul edilən qərarlar böhranın yaranmasına təsir göstərən əsas amillərdən biri olub.

"Kim bu müharibəyə birdəfəlik son qoymaq istəyirsə, həmin qarşılıqlı əlaqələri də nəzərə almalıdır", – deyə siyasətçi vurğulayıb.

1xeber.media xatırladır ki, bundan əvvəl Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen də Qərb ölkələrinin Ukrayna siyasətinin əvvəldən sülh danışıqlarına deyil, Rusiya ilə hərbi qarşıdurmaya yönəldiyini bəyan etmişdi.