Вернуться назад Распечатать

Deputat: Xaricdə yaşayan azərbaycanlılarla ideoloji iş gücləndirilməlidir

“Xaricdə yaşayan bəzi azərbaycanlıların sosial şəbəkələr vasitəsilə Azərbaycanın daxili siyasi gündəminə müdaxilə etməsi ölkədə geniş müzakirə olunan və fərqli mövqelərin mövcud olduğu aktual bir məsələdir. Bu proses həm ictimai-siyasi sabitlik, həm də ifadə azadlığı kontekstində fərqli qiymətləndirilir. Ulu öndər Heydər Əliyevin dövründə xaricdə yaşayanlarla bağlı çox geniş, aktiv iş həyata keçirilirdi və Azərbaycan dövləti şəxsən diaspor təşkilatlarının güclənməsində bilavasitə maraqlı idi. Xarici siyasət xəttinin bir hissəsini onlarla münasibətə həsr edilmişdi desək yanılmarıq”. 

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, həmişə diaspor nümayəndələri yaşadıqları ölkələrin ictimai-siyasi həyatında həlledici rola malik idilər:
“Dövlət də bunu stimullaşdırırdı, motivasiya edirdi. Amma indiki vəziyyətdə,eyni prosesin getdiyini görmürük. Ola bilər ki, müvafiq qurumlar prosesi yüksək səviyyədə həyata keçirirlər, amma bunun cəmiyyətə təqdimatı yoxdur. Əslində  əvvəlki dövrlərlə müqayisədə indi daha çox azərbaycanlı xaricə gedir. Demək ki, onlarla böyük ölçüdə müxtəlif istiqamətlərdə iş aparılmalıdır. Çünki bir sfera təhsil məqsədilə gedənlərdirsə, digər sfera maddi, iqtisadi rifah naminə gedənlərdir”.
 O deyib ki, onların içərisində xüsusi xidmət orqanları ilə, xarici xidmət orqanları ilə əməkdaşlığa cəlb olunanlar da var:
“Yetər ki, əks tərəf onlardan təhqiramiz formalarda istifadə etsin, toxunulmaz hesab olunan, hətta Konstitusiyaya görə toxunulmaz statusa malik şəxslərə qarşı çıxış etdirsin.  Yəni bu qeyri-standart, qeyri-düzgün yanaşma onların, təəssüf ki, fəallaşmasına gətirib çıxarır. Dövlət olaraq bir çox  prosedurları həyata keçirmək olar, amma ciddi ideoloji addımlar atılmalıdır”.

Aysel Elnur