“Bu gün hər bir ölkənin milli təhlükəsizliyini təhdid edən əsas amillərdən biri dini və ideoloji dəyərlərin istismar edilərək xarici dövlətlərin xüsusi xidmət orqanlarının əlində alətə çevrilməsi cəhdləridir. Yəni din və ideologiya istismara ən açıq dəyərlərdən hesab olunur. Çünki insan hər hansı bir ideologiyanı, dini dəyəri və ya məzhəbi mənimsədikdən sonra özünü tamamilə ona aid hesab edir, sosial varlıq kimi həmin kimliklə identifikasiya olunur. Bu hisslərin istismar edilməsi ilə insanları təkcə başqa dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etmək deyil, hətta onları öz dövlətinə qarşı yönləndirmək də mümkündür. Biz bunun acı təcrübəsini müəyyən dövrlərdə yaşamışıq. O cümlədən Nardaran hadisələri də bunun nümunələrindən biridir”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu 1xeber.media-ya danışarkən deyib.
O qeyd edib ki, bu, bir gündə baş verən proses deyil:
“Uzun illər ərzində hər hansı bir ölkənin vətəndaşları sosial şüur baxımından öz mühitindən uzaqlaşdırılır. Nəticədə onlar hüquqi baxımdan Azərbaycanın vətəndaşı olsalar da, sosial mühit baxımından özlərini başqa bir ölkəyə mənsub hesab etməyə başlayırlar. Yəni radikal məzhəb üzərindən identifikasiya olunurlar. Özlərini düşüncə və dünyagörüşü etibarilə daha çox həmin cəmiyyətin bir hissəsi kimi hiss edirlər. Məhz bu mərhələdə həmin vətəndaşı yenidən cəmiyyətə inteqrasiya etdirmək xeyli çətinləşir və o, təhlükəli bir alətə çevrilə bilir. Əslində Böyük Britaniyada baş verən hadisənin mahiyyəti də budur. Yəni Rəşad Sultanovun işi kimi təqdim edilən hadisə də müəyyən mənada vaxtilə Nardaranda baş verən hadisələrlə oxşarlıq təşkil edir. Lakin burada tam ekvivalentlik axtarmaq da doğru olmaz. İran dini və məzhəbi terror məqsədləri üçün alətə çevirmək, həmçinin fars şovinizminə xidmət etdirmək məsələsində kifayət qədər təcrübəlidir. Çünki İranda bu ənənənin kökləri hələ XI əsrdə Həsən Səbbah və onun fədailərinə qədər gedib çıxır. Bu gün SEPAH ilə Həsən Səbbahın fədailəri arasında mahiyyət etibarilə ciddi fərq yoxdur. Onlar da dini istismar edərək dövlət terroruna xidmət edirdilər, SEPAH da eyni funksiyanı yerinə yetirir”.
Ona görə də hesab edirəm ki, xüsusən "Fox Broadcast Network" cinayət təşkilatının fəaliyyətində də bu elementləri araşdırmaq lazımdır:
“Dərin təhlil aparıldıqda görünür ki, hər iki halda İran tərəfindən vətəndaşların dini hisslərinin istismar edilərək fars şovinizmi naminə casusluq fəaliyyətinə cəlb olunması faktoru mövcuddur. Azərbaycan bu proseslərin qarşısının alınmasının birinci mərhələsində uğur qazanıb. Lakin mən hesab edirəm ki, hazırda hüquqi müstəvidə ciddi problem görünməsə də, bu cür proseslər üçün müəyyən potensial hələ də qalmaqdadır. Bu gün dövlətimiz güclüdür, Tanrıya şükürlər olsun ki, "dəmir yumruq" siyasəti də güclüdür. Ancaq mərkəzi dövlət nə vaxtsa müəyyən boşluqlara yol verərsə, Azərbaycandakı İran proksi şəbəkələri dərhal fəallaşmağa çalışacaqlar. Buna görə də davamlı və xüsusi konsepsiyaya əsaslanan fəaliyyət həyata keçirilməlidir. Məqsəd 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan vətəndaşlarının ideoloji və dini baxımdan İrana yönləndirilməsi cəhdlərini neytrallaşdırmaq və həmin vətəndaşları yenidən Azərbaycan cəmiyyətinə, milli kimliyə sahib azərbaycanlılar kimi qazandırmaqdır”.
Aysel