Azərbaycanda sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsini yenidən diqqət mərkəzinə gətirib. Yaş məhdudiyyəti tətbiq edilən platformalarda təhlükəsizlik tələblərinin pozulmasına görə nəzərdə tutulan cərimələr dövlətin azyaşlıların zərərli informasiyadan qorunmasına verdiyi önəmi göstərir. Bu məsələdə hüquqi mexanizmlərlə yanaşı, ailə və cəmiyyətin rolu da həlledici əhəmiyyət daşıyır.
1xeber.media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, sosial şəbəkə platformalarında cərimə prosedurlarının tətbiqi mürəkkəb və xüsusi yanaşma tələb edən məsələdir:
“Bu baxımdan qanunvericilikdə edilən dəyişikliklər, daha çox cərimələrin tətbiqinə yönəlsə də, əslində, məsələnin yalnız formal tərəfini əhatə edir. Yəni sırf cərimə tətbiq etməklə bu problemləri tam həll etmək mümkün deyil. Uşaqların və ümumilikdə insanların rəqəmsal mühitdə davranışını yalnız cərimə yolu ilə tənzimləməyə çalışmaq düzgün yanaşma deyil. Əlbəttə, cərimələr hüquqi tələblərin bir hissəsidir və müəyyən hallarda vacibdir. Müəyyən mərhələdə cərimə, növbəti mərhələdə cinayət təqibinin başlanması, daha sonra isə hüquqi və inzibati məhdudiyyətlərin tətbiqi başadüşülən və gözlənilən prosesdir. Lakin təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə uşaqları, onların valideynlərini və ya müəllimləri cərimələmək məsələyə bir qədər birtərəfli yanaşmanın göstəricisidir. Azyaşlıları, eləcə də böyükləri zərərli informasiyadan qorumaq olduqca vacibdir. Burada yaş fərqi nisbidir. Elə insanlar var ki, ömür boyu müxtəlif təsir və təzyiqlər altında qalırlar. Onların qorunması və müdafiəsi hər zaman önəmlidir. İnsan amili dəyişkən və nisbi olduğu üçün hüquqi təsir mexanizmi ilə yanaşı, ailə münasibətləri və cəmiyyətin təsiri də xüsusi əhəmiyyət daşıyır”.
O qeyd eidb ki, qarşılıqlı sosial nəzarət prinsipi hüquqi və sosial təsisatlarla tamamlanmalıdır:
“Hüquqi-sosial təsisatların funksiyası yalnız sanksiya tətbiq etməkdən ibarət olmamalıdır. Sanksiyalar təkcə cəza və ya cərimə formasında deyil, ictimai qınaq, sosial məsuliyyət hissinin gücləndirilməsi, insanların bir-birinə qarşı məsuliyyətli davranması, abır, həya, etik və sosial dəyərlərin ön plana çəkilməsi ilə də müşayiət olunmalıdır. Yəni təkcə cərimələrlə iş bitmir. İnsanları cərimələdikcə əlavə problemlər də yarana bilər. Cərimədən çəkinməyən şəxs həmin davranışları cərimə tətbiq olunmayan başqa mühitdə daha geniş şəkildə davam etdirə bilər. Buna görə də sosial-hüquqi maarifləndirmə, zərərli kontentlə bağlı düzgün tərbiyəvi və pedaqoji iş, ailə tərbiyəsi və cəmiyyətin sosial təsiri ön plana çıxarılmalıdır. Ailə, məktəb və cəmiyyət bu prosesdə fərqli, lakin bir-birini tamamlayan funksiyalar yerinə yetirir. İstənilən halda tətbiq olunan cərimələr zərərli kontentin qarşısını almaq və ya uşaqları zərərli təsirlərdən qorumaq üçün kifayət etmir. Əksinə, bəzi hallarda qadağalar həmin məzmunun gizli şəkildə yayılmasına şərait yarada bilər”.
O deyib ki, bu baxımdan ailənin rolu xüsusi əhəmiyyət daşıyır:
“Əgər valideynlərin özləri rəqəmsal təsirlərin altındadırsa, onların övladlarını bu təsirlərdən uzaq tutması daha çətin olur. Ümumilikdə cəmiyyət rəqəmsallaşmanın güclü təsiri altındadır və sosial şəbəkələr öz alqoritmləri, geniş media imkanları və məzmun yayma mexanizmləri vasitəsilə insanlara ciddi təsir göstərə bilir. Birbaşa subyekt olmasalar belə, onların arxasında insan amili dayandığı üçün sosial şəbəkələr rəqəmsal məzmunun formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən uşaqları zərərli məzmundan tam uzaqlaşdırmaq kifayət qədər çətindir. Biz alternativ olaraq maraqlı, faydalı və inkişafetdirici məzmun təqdim etməliyik ki, rəqəmsal mühit onların düşüncəsinə, davranışına və inkişafına müsbət təsir göstərsin. Məktəb tərbiyəsi də bu baxımdan çox önəmlidir. Məktəblə bağlı qəbul edilən qərar və məhdudiyyətlərin müəyyən təsiri olur. Cəmiyyət isə ictimai rəyin gücü ilə bu prosesə daha böyük təsir göstərə bilər. Sosial məsuliyyət məhz cəmiyyətin təsiri ilə formalaşır. Cəmiyyət bu təsiri ailə, din, mədəniyyət, hüquq, siyasət və xüsusilə ictimai rəy kimi sosial institutlar vasitəsilə həyata keçirir. Bu institutlar bir-birini tamamlayır və cəmiyyətin sağlam inkişafına xidmət edir. Nəticə etibarilə hesab edirəm ki, məsuliyyət bütün sosial institutların, valideynlərin, məktəbin, dövlətin və cəmiyyətin hər bir üzvünün üzərinə düşür. Ailə bir sütundursa, təhsil ikinci sütundur, cəmiyyət isə bu sütunlar üzərində formalaşan sosial münasibətlərin və hüquqi mədəniyyətin əsas dayağıdır. Buna görə də uşaqların və ümumilikdə cəmiyyətin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması yalnız cərimələrlə deyil, kompleks yanaşma ilə mümkün ola bilər”.
Aysel